18 mart 2024 02:06
396

Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır

Beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması müstəqil Azerbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. 

Ulu Öndər Heydər Əliyev: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.” Gənclər Meydanında – Qoşa Qala qapısı önündə Novruz şənliyində çıxışından 21 mart 1996-cı il; 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb.Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb.21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram.

Fəxriyyə Cəfərova,
Bakı şəhəri, Xətai rayonu, Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin  kitabxanaçısı,
YAP Xətai rayon təşkilatının üzvü