18 mart 2024 01:15
387

Artıq Novruz bayramını Şuşada, Cıdır düzündə sevinclə və fəxarətlə qeyd edirik...

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Novruz Bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat nayramıdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramınınbizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təzyiqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramın o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük coşqu ilə keçirilməsinə nail olmuşdu. Qürurla qeyd etməliyik ki, məhz Ulu Öndərin sayəsində xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.
Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti, sevgi və inamı təcəssüm etdirir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edir.
Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. 
  Xalqımız artıq Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çünki xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız  Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir.  Bu gün Azərbaycan dövləti güclü və yenilməzdir, ölkə vətəndaşları azad və xoşbəxtdirlər. Qoy, qəlbimizdən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın. 

“İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, inşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, – deyə İlham Əliyev vurğulayıb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində inamlı qələbə qazanaraq tarixi torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi, Azərbaycan xalqı öz arzusuna qovuşdu. Artıq Novruz bayramını Şuşada, Cıdır düzündə sevinclə və fəxarətlə qeyd edirik.
Prezident qeyd edib ki, bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca diyarımızın nə qədər gözəl, dağlarımız nə qədər əzəmətli olduğunu görürük: “Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar”.
Novruz bayramınız mübarək olsun!

Tahir Ağayev,
Bakı şəhəri, Xətai rayonu Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən,
YAP Xətai rayon təşkilatının üzvü