16 mart 2024 15:21
437

XI Qlobal Bakı Forumu Fransanın antisülh siyasətinin növbəti ifşası oldu

Prezident İlham Əliyevin “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı Fransanın antisülh siyasətinin növbəti ifşası oldu.

“İki sahil” xəbər verir ki,  bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, Forumda Fransanın imperializm siyasəti, Cənubi Qafqazda yeni qarşıdurma yaratmaq cəhdləri faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb: “Fransa Azərbaycanın Vətən müharibəsindən sonra sistemli şəkildə ölkəmizə qarşı təxribat və qarayaxma siyasəti həyata keçirməkdə, bu gün də ölkəmizə qarşı mina terrorunu davam etdirən Ermənistanı açıq şəkildə dəstəkləməkdədir. Son vaxtlar mediada Fransanın Ermənistana çoxlu sayda silah-sursat, hərbi texnika verməsi ilə bağlı məlumatlar yer alır ki, bu da rəsmi Parisin bölgədə yeni qarşıdurma yaratmaq cəhdindən xəbər verir.

O vurğulayıb ki, Fransanın antisülh siyasəti Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə ifşa edilməkdə, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaqdadır: “Hansı ki, XI Qlobal Bakı Forumunda bir daha bunun şahidi olduq. Dövlətimizin başçısı Fransanın bədxah niyyətini faktlar əsasında ortaya qoyaraq bu siyasətin regional sülh üçün ciddi təhdidə çevrildiyini vurğuladı. Habelə, Prezidentimiz “mədəni” Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən barbarlığı da sərt tənqid etdi, bu vəhşiliyin fotolarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmizə qarşı bütün bu vəhşiliklər, təzyiq siyasəti Azərbaycan öz suverenliyini bərpa edəndən sonra başlayıb ki, bu da ikili standartların göstəricisidir.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycan dövlətinin yanında olmalı, sivil dünyanın təhlükəsizliyi üçün təhdidə çevrilən rəsmi Parisi öz siyasətində ciddi redaktələr etməyə məcbur etməlidir. Əks təqdirdə bu siyasətin acı nəticələrə səbəb olacağı birmənalıdır”, - deyə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov vurğulayıb.