16 mart 2024 00:57
506

Qarşıdurma pik nöqtəsinə çatıb

Sevinc Osmanqızı Əli Kərimlini “cəbhəçilər”ə xəyanət etməkdə, riyakarlıqda, AXCP sədri isə Sevinc Osmanqızını “hakimiyyətə işləməkdə” ittiham edir

Əli Kərimli, Fud Qəhrəmanlı, Sevinc Osmanqızı, Qənimət Zahid kimi antimilli ünsürlər arasındakı mövcud qrant davası, necə deyərlər, həlli çox müşkül olan bir münaqişə ocağı kimi qalmaqdadır

Son zamanlar antimilli düşərgədə daxili çəkişmələr gücləndiyini, qarşılıqlı ittihamların daha da çoxaldığnı görməmək mümkün deyil. Bu mənada axır vaxtlar ABŞ-da məskunlaşan boqger Sevinc Osmanqızı ilə radikal müxalifətin lokomotivlərindən olan AXCP-nin təmsilçiləri arasında “virtual müharibə”nin getdikcə genişləndiyi diqqəti çəkir. Məsələ belədir ki, S.Osmanqız rəhbərlik etdiyi internet tv-dəki çıxışlarında, eləcə də efirə dəvət etdiyi “ekspertlər” vasitəsilə AXCP sədri Əli Kərimliyə qarşı kəskin ittihamlar səsləndirir. Öz növbəsində “cəbhəçilər” də Osmanqızıya qarşı ciddi kampaniya aparırlar.

Təbii ki, bütün bunlar təsadüfi deyil. Əslində S. Osmanqızı ilə Ə.Kərimli və onun tərəfdarları arasında əvvəllər də belə münaqişələrin və söz atışmalarının olduğu müşahidə olunub. Hələ bir neçə il bundan əvvəl, daha doğrusu, 2021-ci ildə AXCP sədrinin tərəfdarları, troll ordusu, eləcə də “Milli Şura”nın Ə.Kərimliyə yaxınlığı ilə tanınan aparıcı üzvləri S. Osmanqızının əleyhinə sərt ifadələr işlədərək, təhqirlər yağdıraraq onu xəyanətkarlıqda ittiham edirdilər. Bütün bunların özünəməxsus səbəbləri var idi. Belə ki, o zaman S. Osmanqızının efirinə ADP sədri Sərdar Cəlaloğlunu, Ümid Partiyasının sədri İqbal Ağazadəni və digərlərini dəfət etməsi, eləcə də AXCP-nin əvvəllər ölkədə keçirilən bütün seçkiləri boykot etmək qərarının düzgün olmadığını qabartması “cəbhəçilər”i və “Milli Şura”çıları bərk qıcıqlandırmışdı. Buna görə də S. Osmanqızı Ə.Kərimlidən tapşırıq alan məlum dəstənin necə deyərlər, “çəyirtkə hücumu”na məruz qalmışdı. İş o yerə çatmışdı ki, AXCP- “Milli Şura” birliyinin troll fabrikasında çalışanlar S. Osmanqızını “Səni çökdürəciyik” ifadələri ilə hədələmələrinə bloqger “Siz onda məni fiziki yox edəcəksiniz ki...” deyə qarşılıq vermişdi.

Təbii ki, məsələ bununla bitmədi. Əvvəllər olduğu kimi, S.Osmanqızının fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri zamanı AXCP-ni, bütövlükdə radikal  müxalifəti fəaliyyətsizlikdə, acizlikdə ittiham etməsi, seçkilərin bu düşərgə tərəfindən boykot edilməsinin düz olmadığını dəfələrlə vurğulaması, bir neçə proqramında bu məsələni qabartması Ə.Kərimlini və onun tərəfdarlarını möhkəm qəzəbləndirdi. Yenə də qarşlıqlı ittihamlar az keçmədən təhqirə çevrildi. Uzun illərdən bəri Ə.Kərimliyə yaxınlığı ilə tanınan Qənimət Zahidin “Azərbaycan saatı” proqramında S.Osmanqızıya qarşı “səlib yürüşü” elan olundu. Qarşı tərəf də susmadı və əks-hücuma başladı. “Osmanqızı TV”-nin qonağı Beydulla Manafov Qənimət Zahidi Əli Kərimlinin “desantı” adlandırdı. S.Osmanqızı  da öz növbəsində daim “parçala, idarə et” siyasəti yürüdən AXCP sədrini pulları təkbaşına mənimsəməkdə ittiham etdi. S.Osmanqızı bir az da irəli gedərək Ə.Kərimlini “cəbhəçilər”ə xəyanətdə ittiham edərək onun xain və riyakar olduğunu vurğulayır, AXCP sədri isə S.Osmanqızını “hakimiyyətə işləməkdə” ittiham edir.

Hazırda məlum qruplar arasında didişmə qaynar mərhələyə keçib, desək yanılmarıq. Belə ki, AXCP sədrinin müavini F.Qəhrəmanlı bu günlərdə deyib ki, bu ittihamların kökündə S.Osmanqızının hakimiyyətdən paket alması dayanır: “Sevinc Osmanqızının “Milli Şura”ya və AXCP -yə qarşı düşmən kəsilməsinin səbəbi onun müəyyən sifarişlər alması ilə bağlıdır. Sevinc xanım hakimiyyətdən paket almaqla AXCP və “Milli Şura”nı hədəf seçib”. Şübhəsiz, S.Osmanqızı da bu ittihamlara səssiz qalmayıb, qarşı tərəfi qeyri-obyektivlikdə və qərəzdə günahlandırıb : “Kim sizə qarşı irad səsləndirirsə, onu hakimiyyətdən paket almaqda günahlandırırsınız, ayıbdır, utanın”.

Məsələ orasındadır ki, əvvəllər də “qrant savaşına” görə əlbəyaxa olan bu antimilli ünsürlər özləri özlərini ifşa ediblər. Biz bu barədə dəfələrlə yazmışıq. Saysız təkzibolunmaz faktlara əsaslanan həmin yazılarda xüsusi ilə vurğulamışıq ki, bu marginalların arasında baş verən bütün çəkişmələrin kökündə onların şəxsi ambisiya və maraqları, xaricdəki ağaları tərəfindən ayrılan qrantları bölüşdürə bilməmələridir. Bu gün də başda AXCP sədri Əli Kərimli olmaqla onun müavini Fud Qəhrəmanlı, Sevinc Osmanqızı, Qənimət Zahid kimi autsayderlər arasındakı mövcud qrant davası, necə deyərlər, həlli çox müşkül olan bir münaqişə ocağı kimi qalmaqdadır.

Zahid Rza, “İki sahil”