16 mart 2024 00:12
521

Qənimət Zahid, köç Ermənistana...

Künc zərbəsi

Yəqin ki, ermənilər səni böyük sevgi ilə qarşılayarlar

Radikal müxalifətin və “siyasi mühacir” adı altında xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən antimilli ünsürlərin eyni mərkəzdən idarə edildiklərini təsdiq edən bir sıra məqamlar mövcuddur. Belə ki, həmin düşmən dairələrin ölkəmizə və dövlətimizə qarşı hazırladıqları tezislər mütəmadi olaraq müəyyən zaman fərqi ilə gündəmə gətirilir. Bu zaman ardıcıllıq da nəzərə alınır, anti-Azərbaycan təbliğatı gah öz daxilimizdəki, gah da Azərbaycanın hüdudlarından kənardakı xəyanətkarlar vasitəsilə “aktuallaşdırılır”. Bütün hallarda ssenari də, məqsəd də dəyişməzdir – Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək, ölkəmizin inkişafını, böyük qələbələrimizi şərtləndirən ən mühüm faktorlardan olan birliyimizi, sabitliyi pozmaq. Məlumdur ki, bütün bunlar düşmənlərimizin dəyişməz planıdır. Bu istiqamətdə hansısa irəliləyişə nail olmağı ən çox arzulayan isə qeyd-şərtsiz ermənilərdir. Deməli, əsl simalarını “demokratiya” pərdəsi altında gizlətməyə çalışan “milli” xəyanətkarlarımız birbaşa ermənilərə və onların havadarlarına xidmət etməkdədirlər. Elə onların Azərbaycanı Ermənistanla müqayisə etmələri və düşmən ölkəni “həm iqtisadi vəziyyətinə, həm də demokratik inkişaf səviyyəsinə görə regionda birinci” adlandırmaları da çox şeydən xəbər verir.

Maraqlıdır ki, xaricdə oturub Vətənini pisləməklə öz bazar qiymətini artırmağa çalışan dırnaqarası jurnalist Qənimət Zahidin son günlər apardığı bu qara təbliğatın motivi yeni deyil. Eyni tezislə, yəni sözügedən iki ölkəni müqayisələndirib Ermənistanı daha yaxşı göstərmək kimi siyasi ləyaqətsizliklə bir neçə ay əvvəl AXCP funksionerləri çıxış etmişdilər. Əli Kərimlinin tapşırığına əsasən müavini Fuad Qəhrəmanlı Ermənistana və onun baş naziri Nikol Paşinyana olan sevgisini, simpatiyasını sosial şəbəkələrdə yazdığı statuslarla ictimailəşdirmişdi. Özü cəhənnəmə, oxuyanlara hörmət qoymadan, milli maraqlarımızı düşünmədən, Ermənistanın işğalı və bu işğalın aradan qaldırılması zamanı şəhidlik zirvəsinə ucalmış minlərlə oğullarımızın, qızlarımızın ruhlarını təhqir edərək. Ümumiyyətlə, səbəb nə olursa olsun, ki burada səbəb yox, böyük pullar və sifariş var, düşməni tərifləməyin, təbliğ etməyin satqınlıqdan başqa adı yoxdur! Azərbaycanla müqayisə edib Ermənistanı “həm iqtisadi vəziyyətinə, həm də demokratik inkişaf səviyyəsinə görə regionda birinci” adlandırmaq ancaq və ancaq Vətənə xəyanətdir!

Ermənistan və Azərbaycanın iqtisadi göstəriciləri ilə manipulyasiya etməyə çalışan axcp-çilər, qənimət zahidlər iqtisadi cəhətdən savadsız ola bilərlər, ancaq məlumatsız deyillər. Deməli, məsələ xüsusi tapşırıq əsasında ictimai rəyi yanıltmaq cəhdindən gedir. Yəni Qənimət Zahidə, Fuad Qəhrəmanlıya, onun xəyanətkar sədrinə, Vətənimizin, millətimizin, dövlətimizin əleyhinə kampaniyaya qoşulanlara, ölkəmizdəki sabitlikdən, xalqımızın birliyindən narahat olanların hamısına elə gəlir ki, “düşmən dəyirmanına su tökməklə” nəyəsə nail olmaq mümkündür. Ancaq bir şeyi unudurlar ki, Azərbaycan xalqının inamında və imanında Ermənistanı, Paşinyanı tərifləyənlərə yer yoxdur, olmayacaq da...

İndi elə bir dövrdə yaşayırıq ki, informasiya hər kəs üçün əlçatandır. Ona görə də qənimət zahidlər internet resursları üzərindən asanlıqla öyrənə bilərlər ki, Azərbaycanla müqayisə etməyə çalışdıqları Ermənistanın dövlət borcu ötən ilin iyul ayının sonuna təxminən 11 milyard 352 milyon dollar təşkil edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə, yəni cəmi yeddi ayda borcun məbləği 714 milyon dollar və ya 6,7 faiz artıb və dövlət borcu ümumi daxili məhsulun 54 faizini təşkil edir ki, bu artıq Ermənistanın milli iqtisadiyyatı üçün təhlükəli həddir. Yeri gəlmişkən, Azərbaycanın xarici borcu 6 milyard 576,9 milyon dollar, strateji valyuta ehtiyatlarının həcmi isə borcundan təxminən 10 dəfə çox, 65,9 milyard dollardan artıqdır.

Daha bir statistik məlumat: 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard ABŞ dolları təşkil edir ki, bunun da 22 milyard ABŞ dolları və ya 60 %-i Azərbaycanın payına düşür. Qalan 40 % isə digər 2 ölkə arasında bölüşdürülür. Bu faktın özü bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.

Əslində, bu göstəriciləri yazmağa belə ehtiyac yoxdur. Azərbaycanın necə dayanıqlı, sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu düşmənlərimiz daxil hər kəs bilir. Ermənistanın isə böhrandan çıxa bilməyən, xaricdən asılı iqtisadiyyatı da hamıya bəllidir. Deməli, Fuad Qəhrəmanlı kimi, Qənimət Zahidin də əsas məqsədi ona verilmiş tapşırığı cəfəng və sərsəm söz yığını hesabına olsa belə yerinə yetirməkdən ibarətdir, yəni reallıqla heç bir əlaqəsi yoxdur. Qaldı ki demokratiyaya, bu məhfumdan qənimət zahidlərin ağızdolusu təriflədikləri bəzi Qərb dairələrinin hansı maraqları üçün istifadə etdikləri də məlumdur, Ermənistanda Paşinyanın siyasi kursuna qarşı çıxanların aqibətləri də. Bir də Qənimət Zahidin Ermənistana bu qədər sevgisi varsa köçsün İrəvana, ən azından Qafqaz havası udar. Yəqin ki, onu ermənilər böyük sevgi ilə qarşılayarlar...

Mahir Rəsuloğlu, “İki sahil”