15 mart 2024 16:39
614

Möhkəm təməllərə söykənən əməkdaşlıq

Yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan xalqı bütün tarixi dövrlərdə öz sülhsevərliyi ilə seçilmişdir. Hətta Vətən torpaqlarımızın 20%-i erməni işğalı altında olduğu müddətdə belə Azərbaycan daim xoş niyyət ortaya qoyaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində yorulmadan çalışmışdır. Lakin sülh çağırışlarımızın cavabsız qalması və düşmən təxribatlarının davam etməsi dövlətimizi qəti və təxirəsalınmaz addımlar atmaq zərurəti ilə üz-üzə qoydu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sarsılmaz iradəsi, ordumuzun şücaəti ilə tarixi zəfər qazanıldı. Müqəddəs Vətən torpaqları düşmən işğalından azad edildi. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də daim   sülhsevər mövqe nümayiş etdirir. İstəyimiz Cənubi Qafqazda qalıcı sülhə nail olmaqdır. Lakin Ermənistan dövlətinin siyasi manipulyasiyaları və qeyri-konstruktiv mövqeyi hələki regionda sülhün bərqərar olunmasını əngəlləyir. Azərbaycan Respublikası region dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə geniş diqqət ayırır. Xüsusilə Türk Dövlətləri ilə genişlənən əlaqələrimiz bizə gələcəyə nikbin baxmağa şərait yaradır. Bu baxımdan biz Qazaxıstan Respublikası ilə əməkdaşlığımızı xüsusi qeyd edə bilərik.  

Azərbaycan və Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Son iki il ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş və həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü baş tutdu. Dövlət başçımızın mətbuata verdiyi bəyanatda bu ölkə ilə münasibətlərimizin inkişaf etdiyini bildirdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999­-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya da mühüm töhfə verir. Xüsusən nəqliyyat-logistika əməkdaşlığını iqtisadi əlaqələrimizin zirvəsi hesab edə bilərik. Nəqliyyat əlaqələrinin inkişafı üçün düzgün nəqliyyat infrastrukturunun qurulması vacib amildir. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq.

Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı iki qardaş dövlət arasında imzalanmış sənədlər təkcə iqtisadi deyil, həm də təhsil, logistika, mədəniyyət və s. sahələri əhatə edir. Bu da münasibətlərimizi bir neçə sahə üzrə inkişaf etdirmək istəyimizdən irəli gəlir. Həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrin Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf etdirilməsi prioritetdir. Ölkə başçımızın vurğuladığı kimi, bu təşkilat yaxın dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala malikdir. Biz tam əminik ki, Azərbaycan-Qazaxıstan əlaqələri Türk Dövlətləri Təşkilatının ümumi prinsip və məqsədlərinə öz töhfəsini verəcəkdir.   

Qarşılıqlı səfərlər, imzalanmış sənədlər münasibətlərimizin gələcəkdə daha dərinləşdirilməsi üçün  hüquqi baza formalaşdırır.  Möhkəm və sağlam təməllərə söykənən Azərbaycan-Qazaxıstan əməkdaşlığı hər iki qardaş xalqın rifahına xidmət edir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini