15 mart 2024 16:12
381

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.

Dövlətin və xalqın inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən əhəmiyyətli dərəcədə asılıdır. Tarix bunu hər bir güclü dövlətin təcrübəsində sübut edib. Müstəqil Azərbaycanın da 1993-cü ildən sonra yazılan tarixinə nəzər salsaq, bunu aydın görə bilərik. Məhz Ulu Öndər Heydər Əliyevin başladığı və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.

Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir

TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir: «Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu, o deməkdir ki, TDT-nin 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Hesab edirəm ki, bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir.

Sina Həsənova,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü