15 mart 2024 00:22
384

Türkçülüyə yamaq

İllərdən bəri qardaş ölkənin əsas düşməni «fetö»çülərlə əməkdaşlıq edən ata-oğul kərimlilərin saxta Zəngəzur dəhlizi sevgisi

Həmişə hazıra nazir olan, saflığa çamur atan, yalanları, böhtanları ilə həqiqəti təkzib edən AXCP sədri Əli Kərimli əbədi dostu, «Toplum TV»nin baş redaktoru Xədicə İsmayılla yenidən ağız-ağıza verərək çax-çax kimi baş ağrıdırlar. «Əbədi dost» ifadəsini sözgəlişi işlətmədik. Çoxları unutsa da Əli Kərimli cameəsinin xəyanətkarlarının yadında qalar. Bir neçə il bundan əvvəl Bakıda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları ( Rusiya qaynaqlarına görə isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı adamlar) Con Zadrozni və Daniel Vajdiçlə görüşən, «Harada aş, orada baş» misalına uyğun bütün məqamlarda göbələk kimi baş qaldıran Xədicə İsmayıl Azərbaycanda « rəngli inqilab» hazırlamayan Amerika Birləşmiş Ştatlarını günahlandırırdı. Amerikalı kəşfiyyatçılarını isə müxalif düşərgədəki «beşinci kolon»un üzvləri maraqlandırırdı. Xədicə İsmayıl da «etmə tənbəllik» qaydasına uyğun düşünüb- daşınaraq «özünə münasib bilmədiyi» düşərgə mənsublarının adlarından ibarət böyük bir casus siyahısı hazırlayaraq amerikalılara təqdim etmişdi. Qəribəsi budur ki, həmin siyahıda Əli Kərimlinin adı çəkilməmişdi. Bu faktı «Azadlıq radiosu»nun keçmiş prezidenti Ceffri Qodmin «The Beston Globe» qəzetində dərc olunan məqaləsində də təsdiqləmişdi. Qeyd olunmuşdu ki, radionun Bakı bürosuna rəhbərlik edən Xədicə İsmayıl xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edən jurnalistlərdəndir. «Azadlıq radiosu»nun müxbiri kimi Azərbaycan əleyhinə silsilə verilişlər təşkil edən Xədicə demək olar ki, Qərbin formalaşdırdığı «beşinci kolon»un öndə gedənlərindən olub. Vergidən yayınma, külli miqdarda vəsaiti mənimsəmə maddəsi ilə azadlıqdan məhrum edilən Xədicənin ermənipərəst qüvvələrlə iş birliyini təsdiqləyən faktlar da istənilən qədərdir. Bu sahədə də AXCP sədri, silahdaşı Əli Kərimli, onun oğlu Türkel Kərimli ilə birgə çalışan Xədicə qeyri-hökumət təşkilatları ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan əleyhinə aksiyalarda ermənilərlə bir sırada yer alaraq əsl simasını bəlli edirdi.

Əli Kərimli- Xədicə İsmayıl cütlüyü bu gün xəyanətlərini yeni ampluada davam etdirirlər. Bu dəyişilməyən ssenarisinin süjeti isə Vətənə xəyanətdir.

Xarici ermənipərəst dairələrin ölkəmiz əleyhinə apardıqları təxribatların önündə gedən, anti-Azərbaycan mövqeyi ilə seçilən təşkilatları qrant qarşılığında yalanları, böhtanları ilə məlumatlandıran Əli Kərimli kimi, Xədicə İsmayıl da xəyanətkarlığını davam etdirir. «Erməni təlimatları»ilə işləyən bu cütlük satqın simalarını gizlədərək adlarını başqalarına qoyurlar.

Bütün dünya ictimaiyyətinin həsəd apardığı Azərbaycan –Türkiyə qardaşlığına kölgə salmağa çalışan, qardaş ölkənin fetöçüləri ilə əməkdaşlıq edən Əli Kərimli dayaz düşüncələri, əsassız iddiaları ilə anti-Azərbaycan dairələrin təxribatlarına dəstək verir. Fəaliyyətini Azərbaycan əleyhinə çirkin kampaniyalar keçirən, əsassız qətnamələr qəbul edən AŞPA, Avropa İtifaqı, Avropa Parlamentinin sifarişləri əsasında formalaşdıran Əli Kərimlinin satqınlıq, xəyanət gündəliyinin əsas mövzusu Türkiyə –Azərbaycan qardaşlığına kölgə salmaq, qara yaxmaqdır. Ən əsası isə Zəngəzur dəhlizinin açılmasını arxa planda əks etdirməkdir.

Cənubi Qafqazda sabitliyin tərəfdarı olan Azərbaycanla Türkiyənin birgə səylərini görmək istəməyən Əli Kərimli iki qardaş ölkə arasındakı münasibətlərə islamofob dairələrin düşüncəsi ilə qara yaxır. Amma unudur ki, illərin sınağında bərkimiş bu birliyə satqın, daşnak təfəkkürlü Əli Kərimli xəyanətinin gücü çatmaz Prezident İlham Əliyevin «Biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədididr» sözlərinin ifadəsi olan Şuşa Bəyannaməsindən xəbərsiz Əli Kərimliyə dövlət başçımızın «Azərbaycanın Türkiyə ilə işbirliyi, qardaşlığı təkcə bölgə üçün yox, dünya miqyasında da mühüm amildir» deyimini xatırladaq. İkinci Qarabağ müharibəsində Azərbaycana mənəsi, siyasi dəstək göstərən Türkiyənin qardaşlıq köməyini bir dəfə də olsun dilinə gətirməyən Əli Kərimli indi «Qaşıq aşdan isti oldu» məsəlinə uyğun yuyulmamış çömçə kimi ortaya atılıb.

Vətən müharibəsində qazandığımız Qələbədən sonra Cənubi Qafqaza kənar dairələrin müdaxiləsinin yolverilməz olduğunu hər iki dövlət başçısı dəfələrlə qeyd edib. Zəngəzur dəhlizinin bərpası ilə bağlı eyni siyasətə tərəfdar olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək» sözləri ilə eynilik təşkil edən, Şuşa Bəyannaməsini müttəfiqlik, strateji tərəfdaşlıq, qardaşlıq kimi dəyərləndirən Prezident İlham Əliyevin « Zəngilan Şərqi Zəngəzurda yerləşir. Buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırlar və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək» sözləri Əli Kərimlinin xəyanətkar sərsəmləmələrindən daha aydın, məntiqli, realdır. Özü havadarları tərəfindən idarə olunduğu üçün hər kəsə bu rakursdan baxan Əli Kərimlinin Azərbaycanın dünyada dəstəklənən xarici siyasəti, diplomatiyası haqqında «dəyişkənlik» ifadəsi işlətməsi siyasi korluğun inkarolunmaz ifadəsidir.

«Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» çağırışı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında xarici müdaxilələri yolverilməz hesab edən Prezident İlham Əliyevin sözlərini Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasını qardaş ölkənin xarici siyasətinin prioritetlərindən hesab edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq» ifadəsini qarayaxma təxəyyülü ilə dərk edərək ermənisayaq anlayan Əli Kərimliyə bir məqamı da xatırladaq. Sifarişlə çalışdığı üçün milli təəssübünü itirən Əli Kərimliyə müstəqil Azərbaycanın adının beynəlxalq aləmdə söz sahibi olan dövlətlərlə eyni sırada çəkildiyini xatırladaq. İşıqda belə qara ləkələr axtaran «yurdçu sədr»ə dövlət başçımızın xalqın iradəsini əks etdirən «Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır» sözlərini qulağında sırğa kimi saxlamağı tövsiyə edək.

Əli Kərimlinin yedəkçisi, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin Zəngəzurla bağlı açıqlamaları da bataqlıq təfəkkürünün çürümüş təzahürü, erməni dəyirmanına su tökməkdir. Amma hamının bildiyi bir reallığı yenə xatırlatmaq məsləhətdir. Erməni düşüncəli Əli Kərimli, İlham Hüseyn, Xədicə İsmayıl kimi başqaları da bilsinlər ki, Zəngəzur dəhlizi açılacaq. Ermənistan bunu istəsə də, istəməsə. Yəni, kəsəklər oturub daşların gününə ağlamasın. Azərbaycan –Türkiyə qardaşlığının qətiyyəti, siyasi iradəsi, xalqların birliyi, dəmir yumruğun gücü ilə Zəngəzur dəhlizi əvvəlki dostluq, qardaşlıq yolu kimi birləşdirici rolunu davam etdirəcək. «Türkün türkdən başqa dostu yoxdur» deyimi Zəngəzur dəhlizinin açılması ilə bir daha təsdiqlənəcək.

Xuraman İsmayılqızı, «İki sahil»