14 mart 2024 01:15
452

Ədalətsizlik nə vaxta qədər davam edəcək?

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyinə nail oldu. Hazırda otuz ilə yaxın davam etmiş əsarətdən qurtulan, xarabalığa çevrilmiş  Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. O  yerlərdə tikinti işləri zamanı kütləvi məzarlıqlar da üzə çıxır.  

İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmuş və insanlıq əleyhinə törədilmiş cinayət əməllərini ört-basdır etməyə çalışmışdır.

Ötən ay Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edilib və orada 10 nəfərə aid insan qalıqları olduğu müəyyən olunub. Bu ay həmin ərazidə davam etdirillən araşdırmalar nəticəsində daha 4 nəfərə aid insan qalıqları aşkarlanıb. Bununla da həmin kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn edilməmələri müəyyənləşib. Bununla da daha 14 ailə yaxınlarının qalıqlarının heç olmasa harada olması haqda məlumat əldə etmək imkanı əldə ediblər. Qalıqların Xocalı faciəsində qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir. Bundan sonra davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur.

Şübhəsiz, belə bir növbəti kütləvi məzarlığın aşkar edilməsi  Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Xatırladaq ki, bu fakta qədər Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazilərində kütləvi məzarlıqlar aşkar edilib. Həmin məzarlıqlardan 400-ə yaxın insan qalıqları müəyyən olunub.

Şübhəsiz, faşist xislətli haylar bu cinayətləri törədəndə, vətəndaşlarımızı amansızlqa qətlə yetirəndə cinayət əməllərinin heç zaman aşkarlanmayacağını düşünüblər. Amma Azərbaycanın həm döyüş meydanında, həm də siyasi arenalarda əldə etdiyi uğurlar ermənilərin   torpaq altında itirmək istədikləri  vəhşilik izlərini də ortaya çıxarıb. 

Bu faktlar həm də Ermənistanın beynəlxalq hüquq normalarına və konvensiyaların tələblərinə zidd hərəkət etdiyini, insan hüquqlarını heçə saydıqlarını bir daha göstərir. Üstəlik, Azərbaycan tərəfinin dəfələrlə müxtəlif instansiyalara müraciət etməsinə baxmayaraq təcavüzkar ölkə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Halbuki, rəsmi Bakı həm  Birinci Qarabağ müharibəsindən, həm də Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyini kütləvi məzarlıqların yerlərinin bildirilməməsinə görə dəfələrlə ittiham edib. Məsələn, dövlətimizin başçısı İlham Əliyev 2022-ci il fevralın 23-də Rusiya Federasiyasının paytax­tına rəsmi səfəri zamanı TASS agentliyinə müsahibəsində demişdir: “Birinci Qarabağ müharibəsi dövründən 3 min 890 azərbaycanlı, o cümlədən, təqribən, 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur”. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycanın Ermənistana qarşı əsas tələblərindən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir. Dövlətimizin bu istiqamətdə işini intensiv davam etdirməsi təqdirəlayiqdir.

Bəli, bu gün də minlərlə soydaşımız  Qarabağda, Şərqi Zəngəzurda itkin düşmüş, qəddar ermənilər tərəfindən əsir və ya girov götürülmüş doğmalarının başlarına nələrin gətirildiyini, sonlarının necə olduğunu, harada dəfn olunduqlarını öyrənmək istəyir. Bunu  torpaqlarımız işğaldan azad olunandan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olması da sübut edir. Amma rəsmi İrəvan hələ də susur. Dəhşətli gerçəkliklərdən biri də budur ki, insan haqları ilə bağlı heç bir fakta söykənməyən açıqlamalar verən beynəlxalq qurumlar da  insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə, bu kimi faktlara hansısa reaksiya vermirlər. Halbuki, işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar beynəlxalq aləmi öz yalanları, daha doğrusu, erməni xisləti ilə əla alan Ermənistanın hüquqi məsuliyyətə cəlb olunması üçün olduqca tutarlı faktlardır. Amma onlar Ermənistana heç bir təzyiq göstərmirlər. Görəsən, bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Amma hər azərbaycanlı ilahi ədalətin öz yerini tapacağına əmindir. Bu əminlik də boşuna yaranmayıb. Bu əminlik hər şeydən əvvəl həmin dəhşətləri törədənlərin bir qisminin hazırda Bakıda əməllərinə görə mühakimə olunmalarından irəli gəlir. Bu mənada demək olar ki, haylar dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərə, törətdikləri soyqırımlarına  görə məsuliyyətdən qaça bilməyəcəklər.

Qvami Məhəbbətoğlu, “İki sahil”