12 mart 2024 23:43
365

Qərbdən gələn sifarişlər radikal müxalifətin əsas yol xəritəsidir

Azərbaycan-Türkiyə qardaşlığına qarşı qarayaxma kampaniyası aparan AXCP sədri Əli Kərimlinin və müavini Fuad Qəhrəmanlının,“Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin bütün çıxışlarında Avropanın qərəzli dairələrinin ölkəmizə qarşı ədalətsiz yanaşmaları təqdir olunur

Siyasi tükənmişlik sindromu ilə üz-üzə qalan AXCP sədri Əli Kərimli və onun xəyanətkar dəstəsi  boş arqumentlərlə dolu absurd və primitiv proqnozları, sosial şəbəkələrdəki ürəkbulandıran monoloqları ilə ölkəmizin əleyhinə qarayaxma kampaniyasını davam etdirir. Belə ki, Əli Kərimli və onun müavini Fuad Qəhrəmanlı, eləcə də “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli son günlər xaricdəki ağalarından alıdqları sifarişlər əsasında Azərbaycanla Türkiyənin birliynə xələl gətirmək üçün sosial şəbəkələrdə həddindən artıq fəallaşıblar.

AXCP sədri Əli Kərimli yazır: “Xarici siyasətimiz nəyə görə Türkiyə ilə koordinasiya olunmur? Rejimin səhv siyasəti Ermənistanın müttəfiqlərini necə artırır? Türkiyənin alacağı yeni, son model F-16 bizim də təhlükəsizliyimizə təminat verə bilər. Hansı halda? Bütün bu suallara Qənimət Zahidlə son müsahibəmizdə aydınlıq gətirməyə çalışmışam”.

Hər kəsə yaxşı məlumdur ki, bütün bunlar boş cəfəngiyyatdan və həqiqətlərin məqsədli şəkildə təhrif edilməsindən başqa bir şey deyil. Ancaq o da aydındır ki, Ə.Kərimlinin ictimai rəyi çaşdırmaq üçün istifadə etdiyi bütün bu köhnəlmiş “taktikalar” heç bir nəticə verməyəcək. Çünki AXCP sədrinin və onun orbitində fırlananların söylədikləri obyektiv reallığı əks etdirmir. Məsələ burasındadır ki, özlərini Türkiyə Cümhuriyyətinin təəssübkeşləri kimi göstərməyə çalışan Ə.Kərimli, G.Hacıbəyli, F.Qəhrəmanlı kimi qaragüruhçular sosial şəbəkələrdəki fəaliyyətləri, təxribatçı çıxışları ilə ictimai rəyi çaşdırmaq niyyəti güdürlər. Ən əsası isə odur ki, Azərbaycan-Türkiyə qardaşlığına qarşı qarayaxma kampaniyası aparan bu marginalların bütün çıxışlarında Avropanın qərəzli dairələrinin ölkəmizə qarşı ədalətsiz yanaşması təqdir olunur.

Başda Ə.Kərimli olmaqla radikal müxalifətin “başbilənləri”nin Türkiyə ilə bağlı məsələlərdə ölkəmizi nələrdəsə ittiham etmələri məntiqsiz olmaqla yanaşı, həm də siyasi manipulyasiyadan başqa bir şey deyil. Çünki bu marginallar özləri də yaxşı bilirlər ki, tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. İki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq, birgə gerçəkləşdirilən irimiqyaslı layihələr strateji müttəfiqliyi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda, regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir. Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə qardaş Türkiyə dövlətinin və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi Azərbaycan xalıq tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Öz növbəsində Azərbaycan da ən ağır günlərdə qardaş ölkənin yanında olub. Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək 2016-ci il iyulun 15-də qardaş ölkədə xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdı. 2023-cü il fevralın 6-da baş verən zəlzələnin ilk günündən Azərbaycan qardaş ölkənin yanında oldu, ona hərtərəfli dəstək və yardım göstərdi. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan hökuməti qardaş ölkəyə 100 milyonlarla ABŞ dolları həcmində vəsait xərclədi.

Əlbəttə, iki qardaş ölkə arasında dostluq, əməkdaşlıq, qarşılıqlı yardım  əlaqələrinə dair belə nümunələrin sayını daha da artırmaq olar. Belə olan halda qətiyyətlə demək olar ki, Ə.Kərimli, G.Hacıbəyli kimilərin “Türkiyə ilə münasibətlərdə açıq-aşkar haçalanma var” demələri məntiqsiz olduğu qədər də absurd və və ikrahdoğurucudur.

O ki qaldı Rusiya məsələsinə, radikal müxalifətin “lidercikləri” də yaxşı bilirlər ki. geniş əraziyə, çox böyük zəngin təbii sərvətlərə malik olan bu ölkə Azərbaycanın qonşusudur. Rusiya ilə Azərbaycanın arasında energetika, nəqliyyat, sənaye, mədəniyyət-humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin genişlənməsi və bunun davamlı prosesə çevrilməsi hər iki ölkənin iqtisadiyyatının inkişafına və əhalsinin rifah halının yüksəlməsinə töhfələr verir.

Bir digər məsələ də ondan ibarətdir ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin normal məcrəda irəliləməsi Rusiya-Türkiyə münasibətlərinin də daha da yaxınlaşmasına təkan verir. Təbii ki, bu da hər üç dövlətin milli maraq və mənafelərinə uyğundur.

Şübhəsiz, Ə.Kərimli, G.Hacıbəyli, F.Qəhrəmanlı kimilər özləri də  bütün bunları bilməmiş deyillər. O da məlumdur ki, bu inkarçı, pozucu qaragüruhçular  son zamanlar Qərbdəki ağalarından aldıqları sifarişləri yerinə yetirərək ölkəmizə qarşı qarayaxma kampaniyasını daha da gücləndiriblər. Şəxsi ambisiyaları naminə milli maraqları  güdaza verən bu merkantillər unudurlar ki, bütün qalibiyyətlər təsdiqdən, bütün məğlubiyyətlər isə inkardan yaranır. Radikal müxalifətçilər bütün bunları nə qədər tez anlasalar, bir o qədər yaxşı olar.

Zahid Rza, “İki sahil”