12 mart 2024 20:09
457

Parlament diplomatiyası xarici siyasət kursunda önəmli yer tutur

VI çağırış Milli Məclisin fəaliyyəti siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir

Məlum olduğu kimi, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq islahat xarakterli məqsədyönlü tədbirləri ardıcıl şəkildə davam etdirib.

Milli Məclisdə struktur islahatları parlamentin şəffaf, çevik və səmərəli fəaliyyətini şərtləndirən əsas amildir. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatlar konseptual olmaqla struktural xarakter daşıyır. İslahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir.

Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk növbədə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub.

İslahatlar çərçivəsində Milli Məclis Aparatında kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, həmçinin burada uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkiliblər. VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirib, parlamentin işində əhəmiyyətli dönüş yaranıb və onun nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəlib.

VI çağırış Azərbaycan parlamenti yeni siyasi konfiqurasiyanı özündə əks etdirir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb. Ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq parlamentin və onun komitələrinin rəhbərliklərinə müxalifət partiyalarının təmsilçiləri də seçiliblər. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib. Qanun yaradıcılığı işində deputatlar daha da fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olunublar.

VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir. Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Bu tövsiyədən irəli gələrək ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar. Həmçinin deputat köməkçilərinin işi də yenidən qurulub, seçici müraciətlərinin araşdırılması, seçicilərlə daimi təmasların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Bir məqam da nəzərə alınmalıdır ki, VI çağırış Milli Məclisin deputatları parlament tribunasından daim seçicilərinin müraciətlərini səsləndirir, onların problemlərinin həlli ilə bağlı əlaqədar qurumlara çağırışlar edirlər. Bu da seçicilərlə işin düzgün əsaslarda qurulmasının göstəricisidir. Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu, ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.

Milli Məclisin kütləvi informasiya vasitələri ilə əlaqələri yenidən qurulub, jurnalistlərin parlamentin fəaliyyətini işıqlandırmaları üçün geniş imkanlar yaradılıb. Nümunə üçün deyə bilərik ki, jurnalistlər üçün yeni media otağı, brifinq otağı yaradılıb, media nümayəndələrinin plenar iclasların gedişini izləməsi və işıqlandırması üçün karantin qaydalarına riayət etməklə əlverişli şərait yaradılıb. Bundan başqa, vətəndaş müraciətlərinin cavablandırılması üçün müasir texnoloji imkanlardan da yararlanmaqla yeni və daha çevik mexanizmlər tətbiq olunur. Vətəndaşların həm deputatlar, həm də parlament aparatının əməkdaşları tərəfindən qəbul olunması üçün müvafiq tədbirlər görülüb.

Milli Məclis, həmçinin mühüm ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirib. Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda da önəmli yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və 1 ikitərəfli komissiya fəaliyyət göstərir. Azərbaycan parlamentinin nümayəndə heyətləri müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Deputatlarımız beynəlxalq təşkilatların sessiya və konfranslarında iştirak edərək ölkəmizin bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıblar.

Həmçinin parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Bu formatda keçirilən və deputatların iştirak etdiyi digər tədbirlər də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Nəticə etibarilə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri