13 mart 2024 01:16
419

Hədəf söz azadlığı yox, cinayətkar fəaliyyətdir

Azərbaycan 44 günlük Vətən müharibəsinin, eləcə də 23 saatlıq antiterror tədbirlərinin yaratdığı reallıqlarla heç cür barışa bilməyən Qərbin, xüsusilə Fransanın aqressiyası və qərəzi, anti-Azərbaycan təbliğatı ilə üz-üzə qalıb. Hətta bu prosesdə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı və digər qurumlar da hər vəchlə rəsmi Bakıya təzyiqlər edirlər.  Bütün bunlar azmış kimi, bəzi Qərb dövlətləri USAID, "Human Rights Watch", "Amnesty International" kimi "ixtisaslaşmış" təsisatlarını, həmçinin digər media strukturlarını da təsir dairələrinə salıblar. Onların isə yalnız bir məqsədi var: Nəyin bahasına olursa-olsun Azərbaycanda sabitliyi pozmaq. Təəssüf ki, həmin media strukturları arasında əmək haqqı fondunun hansı mənbədən formalaşdırılması barədə bilgi verilməyən, abunə sistemi ilə işləməyən, daimi alıcıları olmayan, oxucuları üçün kod sistemi tətbiq etməyən, Media Reyestrində qeydiyyatdan keçməyən, qazanc gətirən legitim maliyyə qaynağı görünməyən, amma kifayət qədər böyük maliyyə dövriyyəsi mövcud olan “Toplum TV” də vardır. “Toplum TV”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma  bu da qapalı saxlanılır.

Xatırladaq ki, bir müddət əvvəl “Abzas Media”da da kobud maliyyə  pozuntuları aşkar edilmişdi. Yəni, bu qurumda vəsaitin reklam hesabına qazanılmadığı, imkanlı adamların xeyriyyəçiliyindən irəli gəlmədiyi üzə çıxmışdı. Məlum  olmuşdu ki, burada ABŞ-dan ötürülmüş maliyyə maxinasiyaları həyata keçirilmiş, bu məqsədlə çirkli pullar yuyulmuşdur. Bu mənada demək olar ki, “Toplum TV” də “Abzaz Media”nın yolu ilə getmişdir.

Burada bir məsələni də vurğulamaq yerinə düşər. Belə ki, “Toplum TV”nin ofisində keçirilən əməliyyat başa çatar-çatmaz ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkəsinin bu məsələdən narahat olduğunu dilə gətirib. Təbii ki, bu da çox şübhəli məsələdir. Başqa sözlə,  onun bu məsələdən yerli mediadan tez xəbər tutması çox mətləblərdən xəbər verir. Şübhəsiz, “Toplum TV” ilə bağlı bu prosesdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri Samanta Pauer başda olmaqla Qərb fondları, hüquq-müdafiə təşkilatları mühüm rol oynayırlar. Maliyyə isə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb. Yeri gəlmişkən qeyd edək ki, ABŞ və Qərb tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi ilə bağlı çoxsaylı faktlar var. 2011-2012-ci illərdə bu məqsədlərə 2 milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi, hətta “Molotov kokteylləri”ndən istifadə olunmasının planlaşdırılması müəyyən edilmiş faktlar sırasındadır.

“Toplum TV”nin Qərbdən alınan vəsaitlərin qarşılığında hansı sifarişləri yerinə yetirdiyi artıq arqumentlərlə isbat edilib. Amma Qərbin pul kisəsindən asılı olan “Azadlıq Radiosu”, “Amerikanın səsi” kimi qurumlar “Toplum TV” ətrafında aparılan  araşdırmanı özlərinin dəst-xətlərinə uyğun şəkildə, daha doğrusu, guya “siyasi repressiya” kimi ictimaiyyətə çatdırmağa çalışırlar. Bu məsələdə Ermənistan media sferası ilə yanaşı, “hədəf azad sözdür” deyən qondarma “Milli Şura” da irəlidə gedir. Halbuki, ölkəmizdə söz, mətbuat azadlığı kifayət qədər qorunur.  Demokratik inkişaf yolunu seçmiş Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur. Ancaq qanunvericiliyə zidd addım atanlar cəzalandırılırlar. Yəni, bizim ölkəmizdə heç zaman məxfi məlumatların yayılması və bu kimi bəhanələrlə  Culian Assanj kimilər həbsə atılmır.  Bir sıra Qərb dairələri isə öz maraqları naminə məhz bizdəki azad media mühitindən sui-istifadə etməyə çalışırlar. Ona görə də baş verən hadisələrə siyasi rəng qatmaq heç bir məntiqə sığmır.

Amma xarici anti-Azərbaycan dairələr unudurlar ki,  xalqımız Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib. Məhz bu səbəbdən təxribatyönümlü təşkilatların ələ aldıqları qrant şəbəkələri ayaq tutub çox uzağa gedə bilmirlər.  Biz həm “Abzas Media”nın, həm də “Toplum TV”nin timsalında bunun şahidi olduq. Bütün bunlar Qərbin  Azərbaycanda indiyədək reallaşdırmağa çalışdığı növbəti "ssenari"lərinin uğursuzluğa düçar olması deməkdir. Bəli, bu gün özünün inkişaf dövrünü yaşayan, beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan suveren haqları və milli maraqlarını hədəfə alan istənilən cəhdin qarşısını almaqda qərarlıdır. Unutmayaq ki, qalib dövlət olaraq milli təhlükəsizlik məsələləri Azərbaycan üçün prioritetdir.

Qvami Məhəbbətoğlu, “İki sahil"