13 mart 2024 00:11
440

Kərimov Əlinin iç üzü

Sevinc Osmanqızı AXCP sədrini ifşa etdi

Qabil Məmmədovun bütün söyüş və təhqir kampaniyalarını idarə edən Əli Kərimlidir

ABŞ-da məskunlaşaraq Azərbaycana və onun dövlət başçısına qarşı böhtan və qara piar kampaniyası aparan  Sevinc Osmanqızı ötən gün öz etirafı ilə həm özünü, həm də xaricdə Azərbaycan əleyhinə böhtan kampaniyası aparan bloqgerləri ifşa etmiş oldu. Ən başlıcası isə o etiraf etdi ki, bütün bu söyüş və təhqir kampaniyalarını idarə edən AXCP sədri Əli Kərimlidir.

Osmanqızı konkret ad da çəkir. Bildirir ki, Qabil Məmmədov məhz Əli Kərimlinin diktəsi və maliyyə dəstəyi ilə istənilən adamı  öz «TikTok» səhifəsində və «YouTube» kanalında təhqirlərə məruz qoyur.  O cümlədən Qabil Məmmədov onu da Əli Kərimlinin sifarişi ilə təhqir edir. Osmanqızı hətta etiraf edir ki, bu barədə ona ötən illərdə şəxsən AXCP sədri Əli Kərimli məlumat verib.

Qeyd edək ki, bu münaqişəyə və təhqirlərə səbəb  Osmanqızının öz «YouTube» kanalına xaricdə məskunlaşan daha bir antimilli ünsürü- Qurban Məmmədovu dəvət etməsi olub. Məhz bundan qəzəblənən Əli  Kərimlinin göstərişi ilə bloqgerlər  Qabil Məmmədovla Tural Sadıqlı Sevinc Osmanqızını hədəfə alıblar. Məlumdur ki,  Qurban Məmmədovla Əli Kərimli arasında ciddi münaqişə mövcuddur.  Onlar bir-birlərini hakimiyyətə satılmaqda ittiham edirlər.

Biz dəfələrlə yazmışıq və demişik ki, siyasətə söyüşü və təhqiri məhz AXCP sədri Əli Kərimli gətirib. Sevinc Osmanqızının bu etirafı bizim dediklərimizin tam təsdiqidir. Eyni zamanda, bu etiraf digər məqamlara da aydınlıq gətirir. Birincisi, ölkədəki və xaricdəki antimilli ünsürlər arasında qrant davası böyüməkdədir. İkincisi, təkcə Qabil Məmmədov deyil, digər «söyüş mühacirləri» də Azərbaycana qarşı təhqir kampaniyası ilə əlaqədar tapşırığı Əli Kərimli kimi anti-Azərbaycan dairələrə xidmət edən xainlərdən alırlar.

Görünən odur ki, xüsusilə son zamanlar xaricdəki antimilli ünsürlər Azərbaycan xalqına və dövlətinə qarşı təhqir kampaniyasını  daha genişləndiriblər. Çünki Azərbaycan həm Zəngəzur dəhlizinin açılmasına, həm də işğalda qalan kəndlərimizin geri qaytarılmasına çalışır. Bu isə erməni diasporundan yemlənən xainləri ciddi şəkildə narahat edir. Məhz radikal müxalifət partiyalarının saxta sənədləri ilə müxtəlif ölkələrdə məskunlaşan bu vətənsizlər ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparmaqla onun beynəlxalq imicini qaralamağa, respublikamızın daxilində siyasi sabitliyi pozmağa çalışırlar. O da məlumdur ki, sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslərin öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədəno ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar bir daha təsdiq edir ki, onları öz çirkin məqsədləri üçün maliyyələşdirən dairələr var. O dairələr isə bəllidir: bəzi dövlətlərin  xüsusi xidmət orqanları və erməni lobbisi…

Bu internet TV-lər ölkəmizdə keçirilmiş 7 fevral prezident seçkiləri ərəfəsində də fəallaşmışdılar. Məqsədləri  bu siyasi kampaniyanı qaralamaq, insanların seçkilərə olan inamını qırmaq idi.  Təbii ki,  bu  böhtan  kampaniyasının önündə yenə də Əli Kərimli, Arif Hacılı, Tural Sadıqlı, Qənimət Zahid,  Sevinc Osmanqızı, Qabil Məmmədov, Qurban Məmmədov  və digərləri  gəlirdilər. Eyni zamanda, yanvarın 24-də AŞPA-nın ölkəmizə qarşı qərəzli qətnaməsindən də böyük sevinc hissi yaşayan bu vətənsizlər erməni lobbisinə ideoloji dəstək verirdilər. Bu həmin Tural (Trol) Sadıqlıdır ki, hələ İkinci Qarabağ müharibəsindən əvvəl açıq şəkildə qondarma «DQR»i bir dövlət kimi tanıyırdı. İddia edirdi ki, bu qondarma qurumun «prezidenti» «parlamenti», «höküməti» var və o, artıq dünyada tanınır. Bu həmin Qabil Məmmədovdur ki, deyirdi Prezident İlham Əliyev Qarabağda bir kənd alsa qulaqlarımı kəsəcəm. Bu həmin Sevinc Osmanqızıdır ki, ermənilər Qarabağı  könüllü tərk edəndə göz yaşları tökərək Azərbaycanı «etnik təmizləmə»də günahlandırırdı. Bu həmin Qənimət Zahiddir ki, Azərbaycan Ordusunu Cənubi Qafqazın ən zəif ordusu hesab edirdi.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan əleyhinə təbliğat aparan mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada daha çoxdur. Bu fakt siyasi mühacir adı ilə maskalanan, özlərini dünyaya  «demokratiya carçısı» kimi sırımağa çalışanların maskasını bir daha cırmış olur. Təbii ki, satqınların erməni lobbisi ilə birgə fəaliyyət göstərmələri  xalqımızı  narahat edir. Ona görə ki, belə simasızların əli ilə Azərbaycan Ordusunun Qarabağdakı hərbi  zəfərlərinə, ərazi bütövlüyümüzün tamamilə təmin edilməsinə beynəlxalq arenalarda böhtan atılır. Məhz onların xəyanətkar təbliğatı nəticəsində ermənilər əzilən, etnik təmizləməyə məruz qalan bir millət kimi tanıdılır. Ona görə xalqımız  bu satqınlara, onların daxildəki  yol göstərənlərinə qarşı bu gün də sərt mövqe nümayiş etdirir.

Əxlaqsız bloqgerlər «siyasi mübarizə» vasitələrindən də ləyaqətsizcəsinə istifadə edirlər. Əslində, ölkəmizə qarşı tutarlı faktlarla çıxış edə bilməmələri sonda onların söyüş mübarizəsinə çevrilir. Çıxışlarında küçə söyüşlərindən istifadə edənləri həm də sözün həqiqi mənasında əxlaqsızlar yığnağı da hesab etmək olar. Bu həmin bloggerlərdir ki, indiyədək  ermənilərin törətdikləri, Xocalı, Meşəli, Qaradağlı soyqırımlarından, yüz minlərlə Qərbi azərbaycanlıların tarixin müəyyən dövrlərindəki deportasiyalarından bir dəfə də danışmayıblar. Ona görə yox ki, məlumatlı deyillər. Ona görə ki, qrant aldıqları erməni lobbisindən qorxurlar. Bax buna deyirlər ləyaqətsiz ömür yaşamaq, azadlığını, qürurunu pula qurban vermək…

Elçin Zaman, «İki sahil»