12 mart 2024 00:25
349

Qərbin muzdlu şəbəkə üzərində qurduğu klassik oyunların fiaskosu

Heç kimə sirr deyil ki, özünü “demokratiyanın beşiyi” adlandıran, insan haqları, mətbuat azadlığı kimi məhfumlarından öz maraqları, gəlir-çıxarları naminə istifadə etməyə alışıq olan bəzi Qərb dövlətləri uzun illərdən bəri digər ölkələrə təsir etmək üçün maliyyələşdirdikləri qeyri-hökumət təşkilatlarından və media vasitələrindən istifadə edirlər. Müşahidələr göstərir ki, həmin dövlətlər, eləcə də sözün əsl mənasında siyasi riyakarlıq alətinə çevrilən bəzi beynəlxalq təşkilatlar son zamanlar Azərbaycanda öz təxribatçı əməllərini həyata keçirmək üçün təsir dairələrində olan bəzi yerli və xarici media vasitələrindən daim vahid, mütəşəkkil bir şəbəkə kimi istifadə edirlər. Ölkdəki söz və fəaliyyət azadlığından sui-istifadə edən həmin şəbəkənin təmsilçiləri aldıqları maliyyə vəsaitlərinin müqabilində məlum dairələrin əlində təxribatçı alətə çevrilirlər.

Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən media orqanlarının fəaliyyət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, onların əsas məqsədi ölkədə xaos, anarxiya yaratmaq, ictimai rəyi azdırmaq, vətəndaşların dövlətçiliyə inamını sarsıtmaq milli-mənəvi dəyərlərə zərbə vurmaqdır. Bütün bunlar “Abzas Media”nın, “Toplum TV”nin nümunəsində bir daha özünü açıq aşkar göstərdi. Məhz buna görə də xarici anti-Azərbaycan dairələrlə əlaqədə şübhəli bilinən həmin media qurumlarının əməkdaşları, rəhbərləri ilə əlaqədar hüquq-mühafizə orqanları gərəkli addımları atdılar. Həm “Abzas Media”nın, həm də “Toplum TV”nin əməkdaşları müxtəlif ittihamlarla cinayət məsuliyyətinə cəlb ediliblər. Onlarla bağlı konkret ittihamların mövcud olduğu məlumdur. “Abzas Media” işi üzrə bir neçə nəfərlə bağlı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. 

Bu günlərdə Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. “Toplum TV”nin əməkdaşı Fərid İsmayılov, Akif Qurbanov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bundan əlavə, “Toplum TV” ilə bağlı işdə Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədova qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb.

Məsələ burasındadır ki, baş verənlərdən sonra Qərbdəki bəzi dairələr, eləcə də ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçiləri bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçərək “Abzas Media” və “Toplum TV” ilə bağlı məsələlərdən sui-istifadə edərək uzun illərdən bəri Azərbaycan əleyhinə apardıqları şər-böhtan kampaniyasının miqyasını daha da genişləndiriblər. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə bildirib: “...Deyim ki, onlar ifadə azadlığını boğan bu hərəkətləri dayandırmalıdırlar, çünki bu, bizim öz xalqımızın maraqlarına uyğundur. Baş verənləri aydınlaşdırmağa davam edəcəyik”. “Freedom House” isə isterik və qəzəbli bir “ultimatum” yayıb: “Biz demokratik hökumətləri rejimi ədalətə çatdırmağa çağırırıq”.

Hər şey açıq-aşkar görünmürmü?..

Müqəddəs Vətən sevgisindən məhrum olan, Qarabağ Zəfərindən mənəvi güc ala bilməyən AXCP sədri Əli Kərimli, və müavini Fuad Qəhrəmanlı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumda təmsil olunan Gültəkin Hacıbəyli kimi saxta “demokratlar”, eləcə də özünü cəmiyyətə “bloqger”, “azadlıq carçıları” kimi sırımağa çalışan Qənimət Zahid, Sevinc Osmanqızı kimilər sosial şəbəkələrdə “Abzas Media”, “Toplum TV” ilə bağlı yalan informasiyalarla, əsassız iddialarla ictimai rəyi çaşdırmaq üçün min bir hoqqadan çıxırlar. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanın müstəqilliyinə, inkişaf və tərəqqisinə qənim kəsilən bu antimilli ünsürlər erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının məkrli tapşırıqlarını canla-başla icra edərək milli maraq və mənafeləri heçə sayaraq respublikamızda sabitliyi, təhlükəsizliyi hədəf seçən çağırışlar edir, insanları qeyri-qanuni hərəkətlərə sövq etməyə çalışır, qanunsuz addımları dəstəkləyirlər. Bəzi vətəndaşların qanunları pozmasına haqq qazandırmağa çalışır, Azərbaycan polisini məqsədli şəkildə hədəfə çevirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər. Təbii ki, bütün bunlar əbəsdir. Bütün anti-Azərbaycan dairələr, eləcə də radikal müxalifət təmsilçilərinin, xaricdəki “sapı özümüzdən olan baltalar”ın-muzdlu “bloqgerlər” dəstəsinin arxasında dayanan xüsusi xidmət orqanlarının başbilənləri yadda saxlamalıdırlar ki, onlar bizim ölkəmizdə öz çirkin məqsədlərini heç zaman həyata keçirə bilməyəcəklər. Azərbaycan xalqı buna heç vəchlə icazə verməyəcək. Belələrinin bütün planları alt-üst olaraq iflasa uğrayacaq.

Zahid Rza, “İki sahil”