12 mart 2024 01:57
391

Ermənistanın Zəngəzur dəhlizini əngəlləmək imkanları tükənir

Bu məsələdə gözləmə mövqeyi tutması Nikol Paşinyanın siyasi iradəsizliyinin nəticəsidir

Bu gün Azərbaycan dövlətinin bölgədəki hərbi-siyasi üstünlüyü Zəngəzur dəhlizinin reallaşması üçün yeni imkanlar yaradır. Məlum faktdır ki, bu dəhliz region dövlətləri ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin də maraq dairəsinə daxildir. Ona görə də Ermənistanın Zəngəzur dəhlizini əngəlləmək imkanları tükənir. Xüsusilə dəhlizin reallaşdırılmasında Azərbaycan və Türkiyə ilə bərabər, Avropa və Asiya ölkələri də öz iqtisadi maraqları çərçivəsində israr edirlər.

Ekspertlər isə bu qənaətdədirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövriyyəsi 3-5 trilyon dollar arasında dəyişə bilər. Xüsusilə də Rusiya -Ukrayna savaşına görə o bölgədə məhdudlaşdırılan ticarət marşrutlarının yerini Zəngəzur dəhlizi tuta bilər ki, bu da Avropa və Asiya dövlətləri üçün strateji əhəmiyyət daşıyacaq.

Bu gün Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı radikal müxalifətçilərin ciddi siyasi mübarizəsi davam edir. Paşinyanın əlyehdarları Qərbin Zəngəzur dəhlizinin açılmasında israrlı olmasını hakimiyyətin fərsizliyi kimi qiymətləndirirlər. Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətindəki revanşist təbliğatın acı nəticəsidir. Bəzi müasir düşüncəli erməni ziyalıları bu etirazları faşistlərlə (onlar «Qarabağ klanı»nın liderləri Robert Koçaryanla və Serjik Sarkisyanı «faşistlər» adlandırırlar) paşistlərin ( yəni Nikol Paşinyanın tərəfdarlarının) meydan davası kimi xarakterizə edirlər.

İşğalçı Ermənistanın bəzi başıpozuq siyasətçiləri isə hələ də İkinci Qarabağ müharibəsində və Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-da həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri zamanı uğradıqları acı məğlubiyyətlərin təsirindən çıxa bilmirlər. Ona görə də onlar hətta gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək iqtisadi addımlara da şübhə ilə yanaşırlar. Əsas iddiaları isə ondan ibarətdir ki, əgər Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin iqtisadi nəzarəti altına keçə bilər.

Xüsusilə ötən il mayın 14- də və iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması və Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret bəyanatlar səslənib. Məhz həmin görüşlərdən sonra Ermənistandakı revanşistlər bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas mübarizə mövzusuna çeviriblər.

Revanşistlər Paşinyan hakimiyyətini Ermənistan cəmiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham edirlər. Onlar Nikolun bu addımını Ermənistanın milli maraqlarına xəyanət kimi dəyərləndirirlər. Bu səbəbdən də Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə görə üzləşdikləri ittihamlara izahat vermək məcburiyyətində qalıblar. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdəki çıxışlarında dəfələrlə bəyan edib ki, bu mövzuda Paşinyan hakimiyyətinə qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi qədər də Ermənistanın ziyanına deyildir: «Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək. Həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək».

Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, nə revanşist erməni müxalifəti, nə də Paşinyan hakimiyyəti bu proseslərə əngəl törətmək imkanlarına malik deyillər. Yəqin ki, yaxın gələcəkdə ermənilər bu reallıqla barışmalı olacaqlar. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel və Praqa görüşlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu mövzunu dəfələrlə müzakirə etməsi də Zəngəzur dəhlizinin açılması ehtimalının ciddiləşdiyini göstərir. Təbii ki, Ermənistanın bu məsələdə Azərbaycan və Türkiyə liderlərindən fərqli olaraq hələ də gözləmə mövqeyi tutması Nikol Paşinyanın siyasi iradəsizliyinin nəticəsidir.

Məlumdur ki, artıq Azərbaycan dövləti Zəngəzur dəhlizinin özünə aid hissəsində nəqliyyat- logistika məsələlərinin 70 faizindən çoxunu həll edib. Bu istiqamətdə dəmir yolu xəttinin və magistral avtomobil yolunun yaxın zamanlarda tamamlanması planlaşdırılır.

Elçin Zaman, «İki sahil»