09 mart 2024 12:37
244

Azərbaycan qadınları dövlətçilik maraqlarının qorunmasına mühüm töhfə verirlər

Ölkəmizdə gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və onların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyyənləşdirilmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır” - deyən Heydər Əliyev hələ Sovetlər Birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir.

Eyni zamanda, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün Heydər Əliyev önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir. Peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması və bir sıra digər addımlar bu baxımdan böyük əhəmiyyətə malik olmuşdur.

Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə də milli-mənəvi dəyərlərə, milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri də öz əksini tapmışdır. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox Fərman və sərəncamlar birbaşa və dolayısıyla qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Müdrik dövlət xadiminin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmişdir. Bir sözlə, Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış və beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın müasir və demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin etmişdir.

Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur. Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması və bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir. Prezident İlham Əliyevin “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir” fikri isə onun modern və nümunəvi gender siyasətinin mahiyyətini əks etdirməklə yanaşı, Azərbaycan qadınlarına böyük inam və etimadının bariz ifadəsidir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır. Əvvəla qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar fəaliyyəti ilə milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynamışdır. Onun nümunəvi həyat və fəaliyyəti qadınlar üçün əsl örnək olmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyət həyatında rolunun artmasına stimul vermişdir. Adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın gördüyü işlər ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Ayrı-ayrı dövlətlərin rəsmiləri, nüfuzlu siyasətçilər, tanınmış ictimai xadimlər, alimlər Mehriban xanım Əliyevanın milli məzmunlu, qlobal əhəmiyyətli işlərini təqdir edirlər. Bu isə Birinci xanımın timsalında Azərbaycan qadınının beynəlxalq ictimai rəydə müsbət obrazının möhkəmlənməsini şərtləndirir.

Azərbaycanın aparıcı siyasi qüvvəsi, ölkənin və Cənubi Qafqaz bölgəsinin ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının da fəaliyyət konsepsiyasında gender məsələləri önəmli yer tutur və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni Azərbaycan Partiyasının Proqramında gender bərabərliyinin təmin edilməsi və ailə institutunun inkişafının YAP-ın diqqət mərkəzində dayanan əsas məsələlərdən biri olduğu qeyd edilmişdir. Gender əsaslı zorakılıq hallarının qarşısının alınması, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sisteminin təkmilləşdirilməsi kimi məsələlər bu sahənin inkişafı ilə bağlı partiyanın hədəfləri kimi müəyyən olunmuşdur. Ümumiyyətlə, partiyamızın siyasi dinamizmini təmin edən amillərdən biri səmərəli gender siyasətinin həyata keçirilməsi, cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli və möhkəm əqidəli insanların, o cümlədən müxtəlif sahələrdə səmərəli fəaliyyətə malik qadınların seçiminin Yeni Azərbaycan Partiyası olmasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının qadın nümayəndələri cəmiyyət həyatının və dövlət idarəçiliyinin müxtəlif sahələrində, qanunverici və icra hakimiyyəti orqanlarında uğurla təmsil olunurlar.

Təqdirəlayiq haldır ki, ali dəyərlərin daşıyıcısı və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib olan Azərbaycan qadınları milli dəyərlərin və dövlətçilik maraqlarının qorunmasına, milli hədəflərin və strateji prioritetlərin reallaşdırılmasına mühüm töhfələr verirlər. Şübhə yoxdur ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan zərif cinsin nümayəndələri bundan sonra da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında Zəfər yolunda əmin addımlarla irəliləyən müstəqil Azərbaycanın tərəqqisində vacib rol oynayacaq, onlara göstərilən inam və etimadı doğruldacaqlar.

Cəmiyyət həyatının bütün istiqamətlərində dayanıqlı inkişafa nail olmaq məqsədilə elm və texnikada, süni intellekt və bu kimi digər sahələrdə, həm də  qeyri-ənənəvi sayılan istiqamətlərdə qadınların və qızların rolunu, iştirak miqyasını genişləndirmək mütləqdir. Gələcəyimizə isə daha optimist, daha böyük ümidlərlə baxırıq. Çünki Azərbaycan qadının gələcəkdəki möhtəşəm uğurları indidən hər birimizi fərəhləndirir. Bu inamın əsasında isə milli-mənəvi dəyərlərə bağlılıqla müasirliyin ahəngində uğurlar qazanan Mehriban xanım Əliyevanın timsalında gənc qızlarımıza örnək olan Azərbaycan qadınları dayanır.

8 Mart – Beynəlxalq Qadınlar Bayramınız mübarək, əziz qadınlar!

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri