11 mart 2024 12:30
323

Azərbaycan demokratik dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirdi

Ölkəmizdə demokratik təsisatların yaradılması, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, yeniləşməsi dövlətimizin siyasətinin əsas tərkib hissəsidir. Azərbaycanın iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda qazandığı uğurlar daim beynəlxalq aləmdə təqdir edilir. Bir neçə il bundan əvvəl ökədə həyata keçirilən islahatlar fonunda iqtisadi və siyasi müstəvidə müsbət dəyişikliyə nail olmaqdan ötrü icra strukturu ilə yanaşı, qanunverici orqanın da yenidən formalaşmasının zərurəti yaranmışdı.  Dörd il öncə Azərbaycan Respublikası Milli Məclisinə keçirlən növbədənkənar seçkilər  ölkədə həyata  keçirilən  islahatları özündə təcəssüm etdirdi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi. 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi  zamanın tələbi oldu. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında belə bir təşəbbüslə çıxış etdi ki, ölkədə gedən proseslərin qanunverici orqanda da öz əksinii tapması vacibdir. Bunu üçün Milli Məclis buraxılmalı, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Bu təşəbbüs məhz 2020-ci il 9 fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi. Azərbaycan bir daha demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. VI çağırış  Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək ölkədə həyata keçirilən islahatların xarakterini, cəmiyyətin həyatında baş verən dəyişiklikləri diqqətə çatdıraraq bildirdi ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələrin rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etməsi, namizədlərin çoxluğu, xüsusən gənclərin seçkilərdə fəallığı kifayət qədər yüksək olmuşdur.  Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Dövlət başçısı İlham Əliyev həmin çıxışında bu məsələyə də xüsusi diqqət yönəldərək qeyd etmişdir ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Yeni parlament tərkibinə nəzər saldıqda görünən odur ki, bu dəfə gənclər kifayət qədər mandat ala bilmişdir. Bu da ilk növbədə cənab Prezident İlham Əliyevin gənclər siyasətinin bəhrəsi hesab edilməlidir. Gənclərə bütün sahələrdə üstünlük verilməsi, onların potensialından səmərəli istifadə edilməsi həm idarəçilikdə, həm də digər sahələrdə kifayət qədər irəliləyişə səbəb olmuşdur. Hər hansı bir siyasi addım bəhrəsini bir müddət sonra büruzə verir. Cənab İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar da bunu bir daha sübut elədi. Müharibədə qələbə, sosial sahədə inqilabi dəyişikliklər, pandemiya dövründə əhalinin rifahının qorunması və yaxşılaşdırılması, dünya birliyinə inteqrasiya, enerji təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər, qlobal layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi məhz bu qələbələrin və inkişafın əldə edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan cəmiyyəti birmənalı şəkildə bu siyasəti dəstəkləyir. Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə,  beynəlxalq nüfuzuna, demokratik ölkə kimi yeri və rolunu möhkəmləndirməsinə xidmət edir. Həmin çağırışların ifadə edildiyi vaxtdan ötən 4 ildə ğörülən işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd etmək istərdik ki, cəmiyyətin idarə edilməsində mühüm rol oynayan onlarla təkmil qanunlar qəbul olunub, böyük əksəriyyətinə əlavə və dəyişikliklər edilib. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində aparılan təkmil islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri