11 mart 2024 10:38
588

Prinsipial əhəmiyyət daşıyan əməkdaşlıq

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası kifayət qədər böyük uğurlara imza atmaqdadır. Artıq 8 noyabr Zəfərimiz tariximizə qızıl hərflərlə yazılıb. Həm 44 günlük Vətən müharibəsinə qədər olan dövrdə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə Azərbaycan dövləti öz qarşısına qoyduğu hədəfləri ardıcıllıqla reallaşdırmaqdadır. Azərbaycan cəmiyyətində formalaşmış möhkəm xalq-iqtidar birliyi qazandığımız uğurları şərtləndirən ən vacib amillərdən biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən sağlam təməllər üzərində formalaşdırılmış siyasi sabitlik amili inkişafımıza və nailiyyətlərimizə öz əvəzsiz töhfələrini verir. Cəmiyyətimizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ölkəmizin yürütdüyü xarici siyasət kursunun dəqiq strategiyası mövcuddur.

Dövlət başçımız hələ 44 günlük Vətən müharibəsindən əvvəl, yəni 2020-ci il 10 mart tarixində VI cağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı prinsipial əhəmiyyət daşıyan əməkdaşlıq istiqamətlərindən bəhs etmişdi. Dövlət başçımız qeyd edirdi ki, Azərbaycan Respublikası etibarlı strateji tərəfdaş olduğunu həmişə sözdə deyil, əməldə göstərib. Ölkəmiz Avropa İttifaqı, Türk Dövlətləri Birliyi və o cümlədən də qonşuları ilə əlaqələrini müsbət əməkdaşlıq istiqamətində qurur.

Azərbaycan Respublikasında ardıcıl şəkildə həyata keçirilən islahatlar müsbət dinamika ilə müşahidə olunur. Bu islahatlar dövlət-cəmiyyət münasibətlərinin təməlini təşkil edir və cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Öz çıxışında sosial və iqtisadi sahədə həyata keçirilən islahatlara toxunan Cənab Prezident İlham Əliyev  iqtisadi göstəricilərimizin yüksək olduğunu qeyd etdi. Azərbaycan dövlətinin davamlı şəkildə reallaşdırdığı iqtisadi islahatlar insanların sosial rifahına müsbət təsir göstərir. Azərbaycan Respublikasının yürütdüyü sosial siyasətin mərkəzində insan amili və onun rifahı dayanır. İslahatlar Azərbaycan Respublikasının sosial siyasətində hər zaman prioritet istiqamətdir. Şəhid ailələrinin  və qazilərin problemləri öz həllini tapır. Aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir. Əsas hədəflərimizdən biri ölkəmizdə sosial rifah dövlətinin formalaşdırılmasıdır.

Azərbaycan Respublikasının daxili siyasəti kimi, xarici siyasət fəaliyyəti də milli amallara əsaslanır. Xarici siyasət kursumuz balanslaşdırılmış və çoxşaxəlidir. VI cağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında ölkəmizin yürütdüyü uğurlu xarici siyasət kursuna toxunan Cənab İlham Əliyev qeyd etdi ki, bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır.  Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Ona görə bizə hörmət edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz birmənalıdır.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi