11 mart 2024 00:05
866

11 ayın sultanı yurdumuza qədəm qoydu

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır

Mübarək dinimiz İslamın müsəlmanlara iki bayram hədiyyəsi var: Ramazan bayramı və Qurban bayramı. Bu gün, yəni martın 11-i 11 ayın sultanı – Ramazan yurdumuza qədəm qoyur. Bəli, bayram havasındayıq. 

Bəri başdan qeyd edək ki, Ramazan özünü müsəlman bilən hər kəsin bayramıdır. Ramazan ayı boyu oruc tutmaq yaşı və sağlamlığı imkan verən, səfərdə olmayan hər müsəlmanın borcudur. Ona görə borcudur ki, bunu bizə Allah (c.c.) əmr edir. Hətta deyilənlərə görə, Ramazan boyu oruc ibadətini bütün şərtlərinə uyğun yerinə yetirə bilən qalan on bir ay boyu da oruc onu tutar. Yəni, əlini, gözünü, dilini  günaha yaxınlaşmağa qoymaz. Oruc insanda nəfsə hakim olmaq vərdişi aşılayır, eləcə də səbir, iradə və təmkin tərbiyə edir. Ramazan ayında oruc tutmağı buyuran Uca Yaradan insanı sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini anlayır, ona münasibətdə xeyirxah olmağın vacibliyini dərk edir.   Ramazanda oruc tutmaq insanın sağlamlığında da mühüm rol oynayır. Peyğəmbərimiz Məhəmməd səlavatüllah buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız!” 

Ramazan ayına məxsus ibadətlər təkcə orucla bitmir. Bu ayda iftar süfrələri açılır, fitrə sədəqələri verilir. Bu ayda Qədir gecəsi var ki, o gecə ilin ən gözəl, ən bərəkətli gecəsi hesab olunur və haqqında Qurani-Kərimdə ayrıca surə var. Qədir gecəsi Quranın yer üzünə nazil olmağa başlandığı gecədir. O gecəni ibadətlə keçirmək möminlər üçün misilsiz fürsətdir. Qurani-Kərim bildirir ki, Qədir gecəsi min aydan daha xeyirlidir. 

Bəli, biz bu Ramazanı ölkəmizin tam suverenliyə qovuşmasından sonra yaşayırıq. Doğrudur, erməni vandallarının əsarətində olan torpaqlarımızın alınması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əsgər və zabitlərini qanı, canı bahası ilə mümkün olub. Amma unutmayaq ki, ötən 30 ildə  milyonlarla ağzı oruclu insan  gecəni səhərə qədər bu Zəfərimiz üçün dualar edib. Hətta deyilənlərə görə, müqəddəs bayram günlərində dualar Tanrı dərgahında qəbul edilməsi şəksizdir. Bu mənada əldə etdiyimiz hər bir qalibiyyət dualarımızı qəbul edən Allahın bizə lütfidir. Bəli, bu Ramazanı minlərlə soydaşımız öz dogma yurdunda qeyd edəcək və bu günləri onlara yaşadan Allaha, həmçinin  hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etməklə yanaşı,  torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyəcəklər.


Ümummilli Lider Heydər Əliyev deyirdi: "Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. 
 “Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar” deyən Prezident İlham Əliyev də Ulu Öndərin dini dəyərlərin qorunması istiqamətində müəyyənləşdirdiyi kursu uğurla davam etdirir.

Bəli, bayram havasındayıq. Ramazan bayramınız mübarək! 

Qvami Məhəbbətoğlu, “İki sahil”