10 mart 2024 12:35
754

Fransa – demokratik görünüş, barbar təfəkkür

İnsan hüquq və azadlıqları, multikulturalizm, fikir plüralizmi demokratiyanın dayaq sütunları olsa da, Fransada tətbiq edilən demokratiyada bu anlayışlar mövcud deyil. Vəziyyət o həddə çatıb ki, dini dözümsüzlük, islamofobiya dövlət siyasətinin mühim predmeti kimi təbliğ edilir, müsəlman vətəndaşlarının hüquq və azadlıqlarından məhrum edən barbar qanunlar qəbul edilir. Buna misal olaraq qondarma "erməni soyqırımı"nı qəbul etməməyin cinayət hesab edildiyini göstərə bilərik.

Avropa İttifaqının aparıcı dövləti olan Fransa Emmanuel Makronun prezidentliyi dövründə həyata keçirilən təxribatçı siyasət nəticəsində dünya miqyasında nüfuzunu itirir. Rəsmi Parisin xarici siyasətinə diqqət yetirsək görərik ki, Yelisey sarayı təkcə islamofobiyanı təbliğ etmir, həm də dünyanı müharibələrə təşviq edərək Üçüncü Dünya müharibəsini başlatmağa çalışır. Makron bununla dünya dövlətlərini müharibələrlə zəiflədərək ölkəsinin superdövlət olmaq arzusunu reallaşdırmağa çalışır. Diqqət yetirək, Qərb ölkələrinə Rusiya ilə döyüşmək üçün Ukraynaya qoşun göndərməyə təşviqedici çağırışlar edən Fransa Ukraynaya hərbi yardımlar göstərənlər sırasında 14-cü yerdədir. Çünki digər Avropa dövlətləri Ukraynaya hərbi yardım göstərdikləri halda, rəsmi Paris yeni münaqişə ocaqları yaratmaq məqsədi ilə silahlarını Ermənistan kimi ölkələrə satmaqla məşğuldur. Bununla imperiya maraqlarını təmin etməyə çalışan E.Makron Cənubi Qafqazda təsir dairəsi yaratmaq istəyir. Lakin hər dəfə regionumuza uzanan burnu Azərbaycanın dəmir yumruğuna dəyərək geri qayıdır.

Azərbaycana diplomatik məğlubiyyəti həzm edə bilməyən Yelisey sarayı acığını mədəni abidələrdən çıxır, heykələ qarşı barbarlıq nümayiş etdirir. Buna misal olaraq Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransadakı heykəlinə qarşı törədilən vandallığı göstərə bilərik. Martın 4-də Evian lö Bən şəhərindəki heykəli götürülərək Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılan zaman məlum olub ki, heykəlin gözləri, üzü, eləcə də adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib, heykəlin burnu və barmaqları qırılıb. Bütün beynəlxalq diplomatik platformalarda rəsmi Bakıya məğlub olan Fransa dünya miqyasında itirdiyi və ya zəifləyən mövqelərinin günahkarı kimi Makronun yanlış siyasətini deyil, Azərbaycanı görərək hikkəsini mədəniyyət abidəsindən çıxması onların sivilizasiyadan, mənəvi, mədəni dəyərlərdən uzaq olduqları qədər, vulqarlığı və vandallığı həyat tərzinə çevirdiklərini nümayiş etdirir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”