08 mart 2024 12:00
409

Azərbaycan qadını öz dərin zəkası və tükənməz daxili potensialı ilə fədakarcasına xidmət edir

Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi, tarixdə dərin iz buraxıblar. Onlar igidliyi və fədakarlığı ilə şanlı tariximizi yaradıblar. Əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmur, adlarını yaşadaraq nəsildən-nəsilə ötürür. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdilərsə gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub və qadınlar belə bir məsuliyyətindən öhdəsindən ləyaqətlə gəliblər. Ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını bir varlıq olaraq cəmiyyətdə nüfuz sahibi olub. Azərbaycanın mütəfəkkir qadınları həyat mənbəyi və müdriklik mücəssəməsidir. XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Azərbaycan qadını həmçinin milli kimliyimizin qorunmasında, azadlıq mübarizəsinin geniş vüsət almasında yaxından iştirak edib, ana dilimizin, mənəviyyatımızın ən etibarlı dayağı olublar.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Dövlətimizin banisi qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atmışdır. Ulu Öndər əsasən idarəçilik sisteməndə qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlamışdır. Ulu Öndər Heydər Əliyev istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb. Ümummilli Lider deyib ki, Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir. Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur.

Ulu Öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Dövlətimizin başçısı cənab İlham Əliyev hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklər ünvanlayır, ölkəmizin inkişafında onların xidmətlərini xüsusi qeyd edir, orden və medallarla təltif edir. Təbii ki, bu da dövlət səviyyəsində qadınlara olan diqqət və qayğının təzahürüdür. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.

Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir, xeyirxah işləri ilə Azərbaycan qadını adını yüksəklərə qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur. Mehriban xanım Əliyeva da Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna rola malikdir. Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələri nəticəsini verib. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Mehriban xanım Əliyeva Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələri reallaşdırır. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan anası həmişə Vətən üçün layiqli və mərd övladlar tərbiyə edib. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək misilsiz Qələbə qazandılar. Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcək.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri