08 mart 2024 02:59
450

Qərbin ölkəmizə yönəlik məkrli planları

İllərdir, istər Qarabağ, istərsə insan haqları, demokratiya və s. məsələlərdə Azərbaycana yanaşma ifrat ikili standartlar çərçivəsindən zərrə qədər də olsun kənara çıxmayıb

Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqları durur. ABŞ-da və Qərbin bəzi ölkələrində düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə, olmamalı ya da Vaşinqtonun və yaxud başqa kimlərinsə cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni, rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir. Bu siyasət tamamilə yanlışdır və gülüş doğurur. Çünki Azərbaycan artıq sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Bəlkə də elə bu səbəbdən ABŞ da başda olmaqla bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, namərdcəsinə yazılan (və ya yazdırılan) qondarma materialların sayı durmadan artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Human Rights Watch", "Freedom House"və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Təkcə ABŞ mediası və təşkilatları deyil, həm də Avropanın bir sıra vətəndaş cəmiyyəti institutları, QHT və media orqanları Azərbaycana qarşı əsl səlib yürüşünə çıxıblar.

Bu gün də ölkəmizdə fəaliyyət göstərən bəzi media qurumlarının Qərb siyasi dairələri tərəfindən maliyyələşdirilməsində məqsəd Azərbaycanda qarışıqlıq yaratmaqdır. Məlum olduğu kimi, bu günlərdə “Toplum TV”-nin fəaliyyətinə hüquqi müstəvidə qiymət verilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Belə ki, “Toplum TV”-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlıdır. Bundan əvvəl “Abzas Media” ilə əlaqədar analoji tədbirlər həyata keçirilib və məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilib. Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Jurnalistləri müdafiə edən Qərb dairələri isə bu ittihamları rədd edir. O zaman ortaya məntiqi sual çıxır: böyük ofis kirayələyən, kifayət qədər yaxşı əməkhaqqı alan işçilər, bahalı texniki avadanlıqlarla təchiz edilən bu redaksiya nə ilə maliyyələşib? Təbiidir ki, pul Qərbdən leqal yolla gəlmirsə, deməli, qaçaq yolla gəlir. Onun "müdafiə prosesi"ndə də diqqətçəkən nüanslar üzə çıxır. Ölkədə qondarma KİV qurumlarının, "jurnalist"lərin istintaqa cəlb edilməsi halı ilk dəfə baş vermir. Amma onların heç birində indiki qədər mütəşəkkil "müdafiə işi" qurulmayıb. Bəzi şəbəkə üzvləri gecə-gündüz demədən təbliğat aparırlar.

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin ötən il oktyabr ayında açıqladığı son məlumat bu mənada örnək nümunələrdən biridir. Bəlli oldu ki, USAID (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) Tbilisidə "yerli QHT-lərlə birgə" "xəstələrə humanitar yardım göstərilməsi" mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına "dövlət çevrilişi hazırlamağın metodları" öyrədilib. "USAID-in dəstəklədiyi müxalifət qrupları" deyəndə, təkcə müxalifətdə olan siyasi partiyalar nəzərdə tutulmur. Siyasi partiyalara kənardan maddi vəsait göndərilməsi qanunla qadağan edildiyi üçün onların ətrafında yedək "QHT və KİV-lər" cəmləşdirilib. Həmin "QHT" və "KİV-lər"ə külli miqdarda "qrant vəsaiti" ayırmaqla, mərkəzdə dayanan siyasi partiyanın maliyyələşdirilməsi həyata keçirilib. Deməli, Qərb özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor institutlar, yardım fondları yaradılıb. USAID, NED, Marşal Fondu, IREX və digər onlarla "beynəlxalq institutlar" məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıblar. Onlar zahirən "demokratik inkişafa dəstək vermək" adı altında fəaliyyət göstərir, bu məqsədlə "qrantlar verirlər". Reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə ictimai etimadsızlığa sövq edirlər. Məlum hal Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir. Əsas məqsəd isə Azərbaycanda qarışıqlıq yaratmaq, hakimiyyətlə xalq arasında etimadsızlıq mühiti formalaşdıraraq, xüsusən Azərbaycanın Qarabağ problemini həll etməsindən əndişələnən Qərbin çirkin maraqlarını ölkədə şəxaləndirməkdir.

Çox güman ki, “Toplum TV”-nin ofisində həyata keçirilən axtarışların ardından Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən bəzi beynəlxalq təşkilatlar prosesi mediaya qarşı təpki kimi dəyərləndirəcək. Obrazlı desək, suyu bulandırıb balıq tutmaq sevdasına düşəcəklər. Təbii ki, istintaq bütün ittihamlara tam aydınlıq gətirəcək. Artıq xarici mediada qarayaxma kampaniyasına başlanılıb. Adi gözlə baxmaq kifayətdir ki, bu böhtan kampaniyasının arxasında ABŞ-ın dayandığı aydın görünsün.

Sevinc Azadi, “İki sahil”