07 mart 2024 15:02
364

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə yeni uğurlar qazanır

Bir vaxtlar bəzi qüvvələrin böyük maneələr törətmək istədikləri, xəyal adlandırdıqları Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və siyasi iradəsi sayəsində reallaşdı. Artıq üç ildən çoxdur ki, Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra dövlətlərə ixrac olur. Yaşıl enerji istehsalı sahəsində də Azərbaycanda həyata keçirilən böyük layihələr sayəsində ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa dövlətlərinə ixracı mümkün olacaq. Məlumdur ki, Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə olan sadiqliyi Avropa İttifaqının, eləcə də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana olan marağını artırmaqdadır.  

Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edib. Dövlətimizin başçısı buradakı çıxışında bir çox mühüm məsələlərə toxunub. Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yeni perspektivlərindən bəhs olunub. Prezident İlham Əliyev qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının genişləndirilməsinə və yaradılması prosesinə mühüm töhfə verib. Son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkətləri əhatə edən, 3500 kilometrdən artıq uzanan TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək bu gün istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər səviyyədə ölçülür. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir. Etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bu gün yeni uğur hekayəsi yazır. Eyni zamanda Azərbaycan öz təbii neft-qaz yataqlarından başqa, bağlanmış müqavilələr əsasında qısa müddətdə küləkdən, günəşdən əldə olunan alternativ enerjinin istismarına başlayacaq. Bu da Paris İqlim Sazişində nəzərdə tutulduğu kimi, təbii ehtiyatların mühafizəsi, iqtisadiyyatın dekarbonizasiyası, ümumilikdə ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün əlavə yeni imkanlar yaradacaqdır. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bağlı əldə olunan razılıq da vacib əhəmiyyət kəsb edir. Beləliklə nəqliyyat şəbəkələrinin şaxələndirilməsi daha çox istehsalçıya qazın çatdırılması məqsədinə xidmət edir. Azərbaycan qaz ehtiyatlarının qiymətləndirilməsi nəticəsində əldə olunan yekun qənaət bunu deməyə əsas verir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması məhz bu məqsədlərə xidmət edir. Prezident İlham Əliyev də ölkəmizin bərpaolunan enerji layihələrinin yüksək göstəricilərə malik olduğunu qeyd edib.

Ölkə başçımız çıxışında Azərbaycanın zəngin neft-qaz yataqlarına malik olmasına baxmayaraq, yaşıl enerji sahəsində də böyük layihələrin icra edildiyini və bu istiqamətdə işlərin davam etdirilməsini vurğuladı. Ölkəmizdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu cür stansiyaların tikintisi davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsində yaxından iştirak edir.  Bütün bu amilləri nəzərə alaraq dünya dövlətləri yekdilliklə COP-29 kimi nüfuzlu konfransın Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın dünyada böyük nüfuza malik olmasının göstəricisidir və ölkəmizin uğurudur.

Prezident İlham Əliyev tədbirdə "Euronews" televiziyasına da müsahibə verdi. Müsahibəsində ölkə başçımız uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin bölgədə yerləşən dövlətlərlə yanaşı bir sıra Avropa dövlətlərinin enerjiyə olan tələbatının ödənilməsinə böyük töhfə olduğunu vurğuladı. Azərbaycan qazına olan tələbat hər il artır. Bu gün Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır. Azərbaycanda hasil edilən təbii qazın həcmi artdıqca digər dövlətlərə də qaz ixracı həyata keçiriləcək. İxrac ediləcək təbii qazın digər dövlətlərə çatdırılması üçün bir neçə Avropa dövlətlərində interkonnektorlar tikilmişdir. Prezident İlham Əliyev müsahibəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutlarının, bir sıra dövlətlərin və böyük şirkətlərin dəstək oluğunu da vurğuladı.  Bu, Prezident İlham Əliyevə olan inamın, etimadın nümunəsidir. Dünya liderləri ölkə başçımızın sözünün imzası gədər dəyərli olduğunu vurğulayırlar. Prezident İlham Əliyev dünyada baş verən iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işlər barədə də məlumat verdi. Azərbaycan yaşıl enerji istehsalı sahəsində həyata keçirdiyi layihələrlə dünya dövlətləri arasında ön sıradadır. 10 il ərzində ölkəmizdə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə daxili bazarda təbii qaz istehlakını da azaldacaq.

Ən əsası, artıq üç ildir fəaliyyət göstərən Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən böyük infrastruktur layihələrindən biri olmaqla yanaşı, eyni zamanda kəmər üzərində yerləşən dövlətlərin xalqlarının iqtisadi, mədəni, siyasi əlaqələrinin genişlənməsinə və dünyada sülhün dayanıqlılığına öz töhfəsini verir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri