07 mart 2024 14:28
751

Bəşəriyyət qadınla yüksələcək

Ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqları və gender bərabərliyinin təmin edilməsi daim diqqət mərkəzində olmuşdur. Bu sahədə dövlət siyasəti Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qadın hərəkatı inkişaf etmiş, mütəşəkkil xarakter almış, bir çox yeni qadın təşkilatları təsis edilmiş, dövlət qadın siyasətinin hüquqi bazası möhkəmləndirilmiş, qadınların ictimai-siyasi həyata, qərar vermə proseslərinə geniş cəlb olunması təmin edilmişdir.

Ulu Öndərin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında qadınların kişilərlə barəbar demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazası yaradıldı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində qanun və məhkəmə bərabərliyi, hebalə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edildi.

1998-ci ildə müstəqil Azərbaycan Respublikası qadınlarının ilk I – qurultayı keçirildi. Qurultayda Ümumilli lider Heydər Əliyevin çıxışı, onun müzakirə olunan məsələlərə dolğun, hərtərəfli, konkret və həssas münasibəti sözün əsl mənasında ürəklərə, qəlblərə nüfuz etdi. Onun qadınlara münasibətindəki rəğbət əsl Azərbaycan kişisinə məxsus, anaya, qadına hörmətdən doğan isti bir münasibət idi. Böyük dövlət xadiminin qadınlarla bağlı çıxışındakı hörmət, qayğı və məhəbbət Azərbaycan qadınının özünə inamını artırdı. Qurultayın qərarlarından diqqəti cəlb edən əsas məqamlardan biri də dövlət qadın siyasətinin gərçəkləşməsi təlabatı oldu.

Məhz bu zərurətin bazasında Qurultaydan sonra Ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2001-ci il tarixli fərman imzaladı. Fərmanda son yüz ildə Azərbaycanda qadın hərəkatının keçmiş olduğu böyük və mənalı yola bir daha nəzər salınır, onun uğurları da, nöqsanları da ətraflı şərh edilir, yaşadığımız günlərdə bu hərəkatın qarşısında duran vəzifələrin konkret şərhi və icrası məsələləri daha qətiyyətlə irəli sürüldü. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyinin təmin olunması bir vəzifə kimi qarşıya qoyuldu.

2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun da qadın siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsinin bir nümunəsi oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender yönümlü bir dövlət siyasəti formalaşmışdır.

Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynalxalq aləmdə, dünya qadınlar birliyində layiqli bir yerdə saxlayır.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi