07 mart 2024 13:05
316

Qadınlarımız ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir. Azərbaycan xanımlarının cəmiyyətdə rolunun ən bariz nümayəndəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Fürsətdən istifadə edərək ölkəmizin birinci xanımı, İSESKO nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı və bütün Azərbaycan qadınlarını təbrik edirəm.

Sizə hər zaman gözəllik, zəriflik və təbəssüm, xoşbəxtlik, cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun!

Sevinc Rəhmanova,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü