06 mart 2024 22:15
545

Maliyyə maxinasiyaları ifşa olunur: Qərb niyə anti-Azərbaycan fonu yaratmaq istəyir?

Məsələnin əsas məğzi ondan ibarətdir ki, bununla Ermənistanın gələcəkdə Azərbaycana qarşı təxribatları fonunda ölkəmizi günahlandıracaq bir zəmin hazırlasınlar

İkili standartların hökm sürdüyü Qərb dairələri Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir. Hələ də ABŞ və Avropanın müəyyən dairələrində anti-Azərbaycan əhval-ruhiyyəsi qalmaqda davam edir. Bu, bir tərəfdən erməni diaspor dairələrinin apardığı uzunmüddətli təbliğatla bağlıdır. Digər tərəfdən isə Qərbdə bəzi dairələr Azərbaycanın müstəqil siyasət həyata keçirməsini qəbul edə bilmir. Onların fikrincə, Azərbaycan bəzi Asiya və Afrika ölkələri kimi Avropanın siyasi və iqtisadi mərkəzlərinin təsiri altında olmalıdır. Həm daxili, həm də xarici məsələlərdə onların tövsiyələrinə əməl etməlidir. Amma Azərbaycanın güclü və qüdrətli dövlət kimi müstəqil siyasət yeritməsi, milli maraqlara uyğun olaraq addımlar atması, ABŞ, Avropa İttifaqı və Avropa Şurasının ikili standartlarını qəbul etməməsi onlarda qıcıq yaradır.

Məhz bu səbəblərdən həmin dairələr tərəfindən qərəzli şəkildə anti-Azərbaycan təbliğat aparılır. Ancaq bu, Azərbaycanın müstəqil siyasətinə qətiyyən təsir etmir və edə də bilməz. Əgər ölkəmizdə demokratik vəziyyət yaxşı deyilsə, ən güclü xarici şirkətlər, işgüzar dairələr nəyə görə Azərbaycana investisiya yatırılmasında, qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlıdırlar? Azərbaycan investisiyalar üçün həmişə açıqdır. Təbii ki, bu baxımdan işgüzar münasibətlərdə bundan sonra biz bir çox yeni layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Qərbin bir sıra strukturları tərəfindən son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Qərbin “erməni məsələsi” adı altında Azərbaycana ciddi şəkildə təzyiqlər etməsini müşahidə edirik.

Görünən odur ki, Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda dalğalanması Qərbdəki müəyyən dairələri ciddi şəkildə narahat edib və onlar çox sistemli şəkildə ölkəmizə qarşı hazırda ləkələmə kampaniyası aparırlar. Qərbin bəzi resursları müntəzəm olaraq məlumat yayır ki, guya Azərbaycan Ordusu Ermənistan üzərinə hücuma hazırlaşır. Bütün bunlar əlbəttə ki, informasiya zəminində bizim adımızı, statusumuzu ləkələyəcək bir niyyətlərdir. Məsələnin əsas məğzi ondan ibarətdir ki, bununla da Ermənistanın gələcəkdə Azərbaycana qarşı təxribatları fonunda ölkəmizi günahlandıracaq bir zəmin hazırlasınlar. Beləliklə, bu, həm siyasi, həm intellektual, həm də ekspert qruplarını aldadaraq Qərbdə anti-Azərbaycan fonu yaratmaq istəyidir.

Toplum TV-nin ofisində axtarış-əməliyyat tədbirləri Qərbin Azərbaycana qarşı məkrli siyasətini növbəti dəfə ifşa etdi. Bu zaman Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair aşkarlanan ciddi dəlillər çirkin Qərb dairələrinin ölkəmizə qarşı düşmənçilik mahiyyətini bir daha göstərir. Bundan əvvəl isə “Abzas Media” ilə əlaqədar analoji tədbirlər zamanı məlum istiqamət üzrə aparılan istintaq tədbirləri nəticəsində çoxsaylı qanun pozuntularının aşkarlanması faktların ardıcıllığını sübut edir. Məlum oldu ki, geniş şəbəkə yaradılmaqla maliyyə maxinasiyaları həyata keçirilib, bu məqsədlə çirkli pullar yuyulub.

İstintaq tədbirləri müəyyən edib ki, bu maliyyə vəsaitləri Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, bu zaman Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Bu hadisələr Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün çirkin vasitələrdən istifadə etdiklərini açıq-aydın göstərir.

Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında əsasən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.

“WikiLeaks”in yaradıcısı Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb. Buna görə C.Assanjın təhlükəli cinayətkar kimi 15 ilə yaxın təqib olunması demokratiya və söz azadlığına ikili yanaşmanın real göstəricisi kimi qəbul edilməlidir. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanc orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

Bu da maraqlı bir faktdır ki, öz daxilində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Əgər Qərb bu qədər demokratik və obyektivdirsə, nəyə görə Assanjı jurnalist fəaliyyətinə görə həbsxanada saxlayır? Qərb ilk öncə bu suala cavab verməli, ikili standartlar mövqeyindən geri çəkilməlidir. Əks təqdirdə, Qərbin özü təhlükəli duruma düşəcək.

Son vaxtlar isə demokratik dəyərlərdən dəm vuran Fransa da Azərbaycana qarşı aqressiv, ikili standartlar mövqeyindən yanaşmaqda davam edir. Bu məkrli siyasət səngimək əvəzinə, daha da aqressivləşir. Bütün bunlar isə siyasi möhtəkirlikdən başqa bir şey deyil. Ötən ilin yayında Fransada növbəti dəfə vəhşilik nümayiş etdirilərək 17 yaşlı bir yeniyetmə polis tərəfindən qətlə yetirilib. Bununla bağlı Fransada baş verən iğtişaşlarda yüzlərlə şəxs həbs olunub. Fransa Prezidenti bununla bağlı iyunun 29-u saat 8-də nazirliklərarası böhran iclasını çağırıb. Aparılan rəy və sorğular da göstərir ki, bu gün Fransada irqçilik və rasisizm, eyni zamanda etnik dözümsüzlük ən üst səviyyəyə çatıb. Sorğuların nəticələrinə görə, cəmiyyət içərisində bu eyforiyanın güclü olmağının ən böyük səbəblərindən biri Fransanın radikal faşist-siyasi qüvvələridir.

Digər bir tərəfdən də çox maraqlı məqam ondan ibarətdir ki, təəssüf ki, Qərb və Avropa institutları baş vermiş hadisəyə susqunluqla yanaşırlar. Beləliklə, faktlarla sübut olunub ki, çoxlarının demokratik dəyərlərə sadiq olaraq bildiyi Qərb dairələri əslində “maskalanmış mələk” rolunda çıxış edərək dünya ictimaiyyətini aldatmağa cəhd edirlər. Bununla da öz gözlərində tiri görməyənlər başqasının gözündə tük axtarırlar. Amma həmin dairələr unutmasınlar ki, Azərbaycan bu təxribatçı niyyətlərin reallaşmasının qarşısını qətiyyətlə alacaq.

Cavid Əkbərov, “İki sahil”