06 mart 2024 13:45
339

Bir sıra beynəlxalq təşkilatlarda ciddi islahatlar aparılmalıdır

Həmin islahatlar aparılmayanadək hansısa qurumun demokratiya haqqında danışması absurddur

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən qeyd edib ki, ikili standartların hökm sürdüyü Avropa İttifaqı (Aİ) ölkəmizə qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir. Aİ Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı feyklər tirajlayır.

Bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar siyasəti davam etməkdədir. Sözügedən təşkilatlarda təmsil olunan antiazərbaycan qüvvələr ölkəmizlə bağlı hazırlanan hesabatlarda şər-böhtan, yalan və qərəzli məlumatlar yerləşdirirlər. Ermənistanda vəziyyətin qarışdığı bir məqamda Aİ və AŞPA-nın diqqəti işğalçı ölkədən yayındırmaq üçün Azərbaycanı hədəf seçməsi onların qərəzindən, qeyri-obyektiv və məqsədli yanaşmalarından xəbər verir. Həqiqətən də hakimiyyətin xalqa qarşı zorakılıqlara yol verdiyi, insan hüquqları və azadlıqlarının kütləvi pozulduğu Ermənistanın bu gün həmin təşkilatlarda ayrıca müzakirə mövzusuna çevrilməməsinin səbəbləri çox şübhəlidir. Sabitliyin hökm sürdüyü ölkəmizlə bağlı qərəzli mövqeyin göstərilməsi antiazərbaycan, islamofob və ermənipərəst qrupların oyunu kimi diqqət çəkir. Ümumiyyətlə, bu məsələlərin arxasında islamofob, antiazərbaycan qüvvələrin dayandığı aşkar görünür.

Avropa İttifaqı, avropalılar, ümumiyyətlə, Avropa Şurası, AŞPA və bir sıra Qərbin strukturları tərəfindən son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Biz Qərbin “erməni məsələsi” adı altında Azərbaycana ciddi şəkildə təzyiqlər etməsini görməkdəyik.

Azərbaycan öz inkişaf yolu ilə inamla irəliləyir. Təəssüf ki, beynəlxalq təşkilatların hesabatları reallığı əks etdirmir. Aİ və AŞPA uğurla inkişaf edən dövlətlərin mövqeyindən çıxış etməlidirlər. Ancaq həmin təşkilatlar ölkəmizə qarşı bir çox hallarda öz mövqelərindən çıxış edirlər. Bu, bir daha onu göstərir ki, beynəlxalq qurumlar real dünyanı əks etdirən məsələlərlə məşğul deyillər. Bu baxımdan Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bir sıra beynəlxalq təşkilatların daxilində islahatlar aparılmalıdır. Həmin islahatlar aparılmayanadək, onların özləri demokratikləşməyənə qədər hansısa təşkilatın, qurumun demokratiya haqqında danışması absurddur. Aİ ilə AŞPA da bu sıraya daxildir.

Azərbaycan bayrağını Xankəndidə, Xocalıda dalğalanması görünən odur ki, Qərbdəki müəyyən dairələri ciddi şəkildə narahat edib və onlar çox sistemli şəkildə ölkəmizə qarşı hazırda ləkələmə kampaniyası aparırlar. Qərbin bəzi resursları müntəzəm olaraq məlumat yayır ki, guya Azərbaycan Ordusu Ermənistan ordusu üzərinə hücuma hazırlaşır. Bütün bunlar əlbəttə ki, informasiya zəminində bizim adımızı, statusumuzu ləkələyəcək bir niyyətlərdir. Əsas məğz ondan ibarətdir ki, bununla da Ermənistanın gələcəkdə Azərbaycana qarşı təxribatları fonunda ölkəmizi günahlandıracaq bir zəmin hazırlasınlar. Beləliklə də həm siyasi, həm intellektual, həm də ekspert qruplarını aldadaraq Avropada ələlxüsus, Qərbdə anti-Azərbaycan fonu yaratmaq istəyidir.

Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirdiyi fikirlər də ondan xəbər verir ki, Avropa İttifaqı-Azərbaycan münasibətləri bu gün müəyyən bir tezliklə və gecliklə inkişaf etməkdədir. İndi biz AŞPA-nın özü ilə bağlı  bunu deyə bilərik. Yaxın vaxtlarda Azərbaycan bu istiqamətlərdə düzgün addımların atılmasını gözləyir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri