06 mart 2024 12:49
319

Cənub Qaz Dəhlizi arzu deyil, reallıqdır

Dövlətimizin başçısı cənab İlham Əliyev fevralın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür. 

Dövlət başçısı ölkənin bərpaolunan enerji potensialı və qarşıdakı hədəflər barədə məlumat verib. Prezident İlham Əliyev Xəzər dənizində dayazlaşma məsələsinə də toxunub. Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacarıb. Prezident İlham Əliyəv Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə də danışıb. Dövlət başçısı bildirib ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Cənub Qaz Dəhlizinin seqmentləri üzrə işlər qrafikə uyğun şəkildə icra edilib. Hazırda layihənin reallaşması TANAP vasitəsilə həyata keçirlir.

Prezident İlham Əliyevin fikrincə, layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”,- deyə dövlətimizin başçısı əlavə edib. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizinin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Azərbaycan Avropada, ümumiyyətlə, dünyada  qaz ixrac edən ölkə olaraq tanınır. Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə bir sıra Avropa Birliyi ölkələrini qazla təmin etməsi dövlətimizin iqtisadi potensialının əsas göstəricisidir.

Bununla Avropa ölkələri alternativ təchizat mənbələrini əldə etmək imkanı qazanmış olurlar. Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi ilə bağlı marşurut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Bu tədbirlərdə boru kəmərinin keçdiyi ölklərin liderləri layihənin baş tutmasında Azərbaycanın rolunu və mənbə ölkə olmasını qeyd edirlər. Onlar, bu işdə Prezident İlham Əliyevin qətiyyətini xüsusi vurğulayırlar. Əlbəttə ki, bütün bunları Avropa liderlərindən eşitmək qürurvericidir. Bu gün dünyada yanacaq problemi yaranır. Bu problem ancaq qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər. Onun üçün də Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə zamanı gələcək perspektivlərdən də söz açdı və bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağına bir işarədir. COP29 ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin əsas bir hissəsini təşkil edir. Neft və qazla zəngin ölkələr yaşıl enerjiyə keçid zamanı ön sıralarda olmalıdır.

Rüfanə Abdullayeva,
Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü