05 mart 2024 17:44
492

Yeni Azərbaycan Partiyası tək ölkədə deyil, eyni zamanda, Cənubi Qafqazda  nüfuzu olan siyasi təşkilatdır

Azərbaycanın müstəqillik tarixi ilə demək olar kı yaşıd olan Yeni Azərbaycan Partıyasının yaranması zamanın tələbi idi.  İnsanlar bu partiyaya böyük inam bəsləyirdi. Bu da əsassız deyildi. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımlarını yüksək qiymətləndirirdi.   Həmin dövrdə  ölkəyə rəhbərlik edənlər tərəfindən Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı.  Belə bir absurd fikir yaranmışdı ki, sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Əlbəttə ki, yalan idi və həqiqəti əks etdirmirdi.   Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqında haqlı olaraq Sovet rejiminə  inamsızlıq yaradırdı. O zaman, Naxçıvan Muxtar Respublikasında Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdir. Əlbəttə ki, bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Qeyd etmək lazımdır ki, 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bu təşkilat müasir Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə  yarandı. Və xalqın etimadını qazandı.  O zaman bir çox qüvvələr Yeni Azərbaycan Partiyasının fəaliyyətinə maneə olur,  onu nüfuzdan salmağa çalışırdılar. Lakin zaman göstərdi ki, bu partiya  dövlətimizin müstəqilliyi,  xalqımızın firavanlığı, ərazi bütövlüyümüzün bərpası üçün  böyük mübarizə yolu keçdi və qarşıya qoyulan məqsədlərə doğru adım-addım getdi.   Artıq Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, dünyada da öz nüfuzunu artırmaqdadır.

 Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və  Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən çox şaxəli siyasət və əməkdaşlıqlar nəticəsində  Azərbaycan bir çox parametrlər üzrə inkişaf etmişdir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti, nəqliyyat siyasəti enerji və nəqliyyat dəhlizlərinin yaranmasına  səbəb olmuşdur. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı.  Belə ki, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığın qurulması zərurəti yaranmışdır.

 Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkənin gələcək strateji hədəflərini elə planlaşdırıb ki,  uzunmüddətli dayanıqlı və davamlı  inkişaf təmin edilsin.  Vaxtı ilə Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.”  Artıq bu arzu deyil, biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  islahatların çox böyük əhəmiyyəti var. Bu həm də ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da  öz əksini ifadə edir. Vətən müharibəsində parlaq Qələbə qazanaraq,  Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Tarixi torpaqlarımız erməni işğalından azad olundu. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri öz töhfələrini verməklə, canları, qanları bahasına  qəhrəmanlıq göstərərək tarixi Qələbəni qazandı. Bu Qələbə hər bir azərbaycanlıya  stimul verdi, ləyaqətini qaytardı, əyilmiş qamətini dikəltdi.  Əlbəttə bu həm də aparılan uzaqgörən, düşünülmüş, müdrik siyasətin nəticəsi idi.  

 Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır. YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci il tarixində Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzala¬nmışdır.

 Yeni Azərbaycan Partiyası islahatlara açıq bir siyasi təşkilatdır. Zamanın  yeni çağırışlarına, yaranmış reallıqlara müsbət reaksiya verməyə, uyğun islahatları keçirməyə hər zaman hazırdır.

 Üç il bundan əvvəl martın 5-də YAP-ın VII qurultayı keçirildi. Partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuş  bu Qurultay bir sıra mühüm qərarlar qəbul etdi. İlk növbədə partiyadaxili sistemli islahatlar həyata keçirildi. Belə ki,  YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına  birləşmişdir.  Partiya daxilində struktur dəyişiklikləri aparılmışdır.  Yeni şöbələrin yaranması bir daha onu göstərir ki, Partiya cəmiyyətdə baş verən bütün məsələlər adekvat cavab verə bilir. Qadınların siyasi fəaliyyətə cəlb olunması, gender bərabərliyinin təmin olunması, bu sahədə çətinliklərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Partiya üzvlərinin 48,7%-ni qadınlar, 34,6%-ni isə gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası ölkədə və qardaş ölkələrdə baş verən heç bir prosesdən kənarda qalmır. Həm iqtidar-müxalifət dialoquna öz töhfəsini verir,  həm də beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər keçirir. “Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində  xüsusi yeri var.  Yeni Azərbaycan Partiyası xalqın etibarını   qazanıb   və   bundan   sonra da təşkilatın sədri, Prezident İlham   Əliyevin   Prezident İlham Əliyevin rəhbərliyi ilə daha  möhtəşəm uğurlara imza atacaqdır.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor