05 mart 2024 17:05
441

Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir

Prezident  İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərəkən bu reallığı diqqətə çatdırdı ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Təbii ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçımız hədəfə çatmaq məqsədilə regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi. Bu gün regionların sürətli inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını artırır, həm əhalinin rifah  halını yüksəldir.

Ölkəmizin malik olduğu geniş iqtisadi imkanlar beynəlxalq əməkdaşlıq əlaqələrinin də inkişafında əhəmiyyətli rol oynayır. Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərəkən bu sahədə də əməkdaşlıq üçün mövcud imkanları müzakirə edildi. Dövlət başçısı İlham Əliyev alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini xüsusi vurğuladı. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən Prezident İlham Əliyev iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı görüşdə əsas diqqət göstərdiyi məsələ ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. Bir daha vurğulandı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Xüsusilə kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayan cənab İlham Əliyev bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozep Borrelin qeyri-adekvat bəyanatları Azərbaycanı çox məyus edib. Onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Digar tərəfdən, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab İlham Əliyev bu çağırışı etdi: « Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.»

Müzəffər Ali Baş Komandanımız görüşdə onu da bildirdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz Vətən müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik: «Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!»

Ölkəmizin başçısı almaniyalı iş adamları ilə göruşündə dünya güclərinin ikili siyasətinin mühüm göstəricilərindən olan bu mühüm məqamı da xüsusi qeyd etdi ki, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür.

Dövlət başçısının «Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik» çağırışı ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən və bunun hər an atdıqları addımlarında nümayiş etdirən Avropa institutlarına, o cümlədən Avropa Şurası rəsmilərinə ciddi mesajdır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri