05 mart 2024 17:53
281

Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.