14 sentyabr 2026 16:18
72

Yeni Azərbaycan Partiyası inam və etimad ünvanıdır

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının XI konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, YAP Nizami rayon təşkilatı hesabat dövründə fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramından irəli gələn vəzifələr, eləcə də yerli təşkilatlar haqqında Əsasnamənin müddəaları əsasında təşkil edib. Ötən müddət ərzində ərazi partiya təşkilatları arasında fəaliyyətin əlaqələndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması, təşkilati proseslərin daha çevik və məqsədyönlü şəkildə qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Eyni zamanda, partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, yeni üzvlərin partiya sıralarına cəlb edilməsi, gənclərin və qadınların ictimai fəallığının artırılması diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov çıxışında YAP-ın ölkənin ictimai-siyasi həyatındakı mövqeyinə, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə, partiyanın keçdiyi inkişaf yoluna və qarşıda duran vəzifələrə toxunub. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Həmçinin qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin edir.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafındakı rolundan danışıb. O, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda qətiyyətlə addımlayan müasir Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını deyib. C.Cəbrayılov qeyd edib ki, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

YAP Nizami rayon təşkilatına uzun illər rəhbərlik etmiş, Milli Məclisin sabiq deputatı Sədaqət Vəliyeva, “Azər Manafov küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, YAP Nizami rayon təşkilatının təsisçilərindən və ilk təsis iclasının iştirakçılarından biri, partiya veteranı Edilman Məmmədov, “Şirin Mirzəyev küçəsi 110” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva qeyd ediblər ki, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığı dövlət siyasətinin reallaşdırılması və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində mühüm rol oynayır.

Konfransda YAP Nizami rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.