ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə kollektivi təbrik edib, qarşıda duran vəzifələrdən danışıb.
İclasda yeni tədris ilində universitetdə tədris prosesinin təşkili, təhsilalanlar üçün yaradılan şərait, fakültələrdə və struktur bölmələrində görüləcək işlər, qarşıya qoyulan əsas hədəflər müzakirə olunub.
Bildirilib ki, bu il universitet tarixində ilk dəfə olaraq plan yerləri yüz faiz dolub.
Qəbul nəticələrinin yüksək göstəricilərlə yekunlaşması Azərbaycan Dillər Universitetinə olan marağın və etimadın göstəricisi kimi qiymətləndirilib.
Qeyd olunub ki, yeni tədris ilində universitetə qəbul olunan tələbələrin yüksək hazırlıq səviyyəsi tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyur.
Bu baxımdan professor-müəllim heyətinin potensialından səmərəli istifadə edilməsi, müasir tədris metodlarının tətbiqi və tələbəyönümlü yanaşmanın gücləndirilməsi əsas prioritetlərdəndir.
İclasda yeni qəbul olunan tələbələrin universitet həyatına uyğunlaşması, onların tədris və ictimai fəaliyyətə fəal cəlb olunması, tələbə məmnunluğunun artırılması məsələlərinə də toxunulub.
Daha sonra Tədris işləri üzrə prorektor v.i.e Şəfəq Şahməmmədova, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı, ADU MHİK sədri Misgər Məmmədov çıxış ediblər.
Çıxışlarda yeni tədris ilinin yüksək səviyyədə təşkili, tədris prosesinin səmərəli qurulması, tələbələrin universitet həyatına fəal cəlb olunması, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi və tələbələr üçün yaradılan imkanların artırılması istiqamətində həyata keçiriləcək işlərdən bəhs olunub.
Qeyd edilib ki, ADU-da ilk dəfə olaraq Suaxili dilinin tədrisinə başlanılacaq.
Bildirilib ki, yeni dilin tədris proqramına daxil edilməsi universitetdə dil və mədəniyyət müxtəlifliyinin genişləndirilməsi, tələbələrin yeni dil imkanları əldə etməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır.
Sonda yeni tədris ilinin qarşıya qoyulan məqsədlərə uyğun, uğurlu və səmərəli keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq