05 mart 2024 15:05
412

Aparılan islahatlar YAP-ın gələcəkdə də liderliyinin qorunmasına şərait yaradacaq

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. Tədbirdə partiyanın ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib. Yekun olaraq təşkilati məsələlərin müzakirə edildiyi qurultayda partiya daxilində yeniləşmə və islahatlar istiqamətində addımların atılmasına qərar verilib.

Yeni Azərbaycan Partiyası ölkəmizin, cəmiyyətin aparıcı qüvvəsidir və bu gün onun ətrafında milyonlarla insan toplaşıb. YAP yarandığı ilk gündən etibarən hər zaman Azərbaycanda xalqın sözünü deyən lider partiya rolunu oynaya bilib. YAP birbaşa yaradıcısı olduğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Elə bu baxımdan da YAP bizim üçün çox dəyərli və əhəmiyyətlidir. Partiyaya ilk olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etməsi, Ulu Öndərin onun ideya, məramnamə və nizamnaməsinin müəllifi olması, əlbəttə ki, YAP-ın fəaliyyətini bu günə qədər uğurla davam etdirməsinin əsas səbəbidir. Görünən odur ki, bu partiyanın Azərbaycanın ictimai-siyasi fikrində, siyasət aləmində hər bir zaman öz sözü olub və olacaq.

Əgər YAP bu qədər sayda insanı ətrafında birləşdirə bilirsə, hər ötən gün sıraları daha da genişlənir və güclənirsə, bu, partiyanın ölkədəki nüfuzundan və məşhurluğundan xəbər verir. Əlbəttə ki, biz bu gün islahatlar dövrünü yaşayırıq. Bir cəmiyyətin təkmilləşməsi üçün mütləq yaxşı mənada dəyişikliklərin getməsi labüddür, şərtdir və qaçılmazdır. Biz davamlı olaraq özümüz-özümüzü yeniləməklə gələcəyə daha geniş üfüqlər açırıq. Bu gün Azərbaycanda bütün sahələrdə islahatlar və yeniləşmələr gedir. Yeni kadrlar, qüvvələr müxtəlif təşkilatlarda, qurumlarda rəhbərliyə gəlirlər. Bu qüvvələr əsasən gənclərdən ibarətdir, gələcəyimizin qurucularıdır. Təqdirəlayiq haldır ki, dövlətimizin başçısı İlham Əliyev bu gün gənclərə böyük imkanlar açır. Zəkalı, dünyagörüşlü gənclərimiz rəhbər vəzifələrə irəliyə çəkilirlər.

Bu gün YAP-da dəyişikliklərin təməlində daha yaxşı idarəetməyə nail olmaq, fəal, dinamik bir siyasi fəaliyyət həyata keçirmək məqsədi dayanır. Əlbəttə ki, bütün bunlar cəmiyyətimiz tərəfindən müsbət dəyərləndirilir. YAP-ın yaranmasında, inkişafında, bu günə qədər uğurla fəaliyyət göstərməsində rolu, dəstəyi, xidməti olanlar heç vaxt unudulmayacaq. Çox sevindirici haldır ki, YAP-ın Sədri Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Dövlət başçımızın “Mən nəyi nə vaxt, necə etməyi çox yaxşı bilirəm” dediyi kimi, onun seçimi, düşüncələri əsasında YAP bu gün özünü yeniləyir. Eyni zamanda, plüralist, çoxfikirli, demokratik düşüncəyə əsaslanan ölkəmizdə Yeni Azərbaycan Partiyası da sürətlə inkişaf edir. YAP-ın verdiyi qərarlar partiyanın İdarə Heyətinin, nüfuzlu üzvlərinin hər birinin rəyi əsasında idarə edilir. Ona görə də düşünürük ki, atılan bütün addımlar, aparılan islahatlar birbaşa YAP-ın nüfuzunun daha da artırılmasına və gələcəkdə Azərbaycanın inkişafında bu partiyanın ötən illərdə olduğu kimi, hər bir zaman liderliyinin qorunmasına əhəmiyyətli şərait yaradacaq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri