05 mart 2024 14:38
777

Azərbaycanın sülh çağırışları

Azərbaycan Respublikasının hər gün artan beynəlxalq nüfuzu ölkəmizin dünya birliyində özünə layiqli yer tutmasını şərtləndirən vacib amildir. Demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiqlik nümayiş etdirən Azərbaycan davamlı inkişaf edən ölkədir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursumuz ölkəmizin dünya dövlətləri ilə əməkdaşlıq istiqamətlərini daha da şaxələndirir. Azərbaycan Respublikasının nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünya birliyində nə qədər yüksək nüfuza sahib olmasının bariz göstəricisidir.

28 fevral 2024-cü il tarixində Cənab Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində işğala məruz qaldığını, bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İşğalın acı fəsadları barədə danışan dövlət başçımız suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da ölkəmizin hücuma məruz qaldığını qeyd etdi.

Aydın məsələdir ki, beynəlxalq institutlar, Avropada və ümumilikdə dünyada aparıcı rol oynayan beynəlxalq təşkilatlar keçmiş münaqişə haqqında ikili standart mövqeləri ilə yadda qaldılar. Əslində, münaqişənin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi-Fransa, ABŞ və Rusiya münaqişənin həll olunması üçün heç bir addım atmadılar. Bu mənfi mövqe isə çox təəssüf ki, münaqişənin uzanmasına gətirib çıxardı. Dövlət başçımızın qeyd etdiyi kimi, biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.

44 günlük Vətən müharibəsi və keçən ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri ərazi bütövlüyümüzün və suverenliyimizin bizim üçün qırmızı xətt olduğunu  dünyaya bir daha göstərdi. Bizim üçün mənfi fəaliyyətlərlə yadda qalan, münaqişənin dondurulması üçün çalışan keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən ABŞ və Fransa bu gün də eyni mövqeyi nümayiş etdirir. Lakin şimal qonşumuz Rusiya nəyin baş verdiyini yaxşı anlayır və  yeni reallıqları qəbul edir.

Dünyada və regionda sülhün tərəfdarı olan Azərbaycan dövləti hər zaman atdığı addımlarla bu istəyini ortaya qoyur. Çünki, hər birimiz gözəl bilirik ki, qarşılıqlı faydalı əməkdaşlıq olmadan inkişaf və tərəqqi mümkün deyil. Müasir Azərbaycan Respublikası mühüm beynəlxalq layihələrdə aparıcı rola malikdir. Təsadüfi deyil ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verməkdədir. Azərbaycan region dövlətləri ilə əməkdaşlıqda da maraqlıdır. Bu Cənubi Qafqazda qalıcı sülhü bərqərar etmiş olar. Lakin təəssüf ki, Ermənistan Azərbaycanın sülh çağırışlarını cavabsız qoymaqla sülh prosesini əngəlləyir. Buna baxmayaraq, Azərbaycan dövlətinin mövqeyi ədalətlidir, qəti və sarsılmazdır.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi