Azərbaycan Respublikası son 30 ildə öz dövlətçilik tarixinin şanlı səhifələrini yaşayır. Yaxın tariximizin səhifələrini vərəqlədikcə Yeni Azərbaycan Partiyasının ölkəmizə siyasi liderlik etdiyi illər ərzində necə böyük uğurlara imza atdığımıza bir daha şahid oluruq. Yarandıqdan sonra sadə xalqın hədsiz sevgisini və etimadını qazanan Yeni Azərbaycan Partiyası qısa zaman ərzində ölkəmizdə iqtidara gələrək qazanacağımız böyük uğurların memarına çevrildi. Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun rəhbərlik etdiyi partiyaya xalqımızın böyük sevgisi Ümummilli liderimizin adı ilə bağlı idi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə davam etdirən cənab İlham Əliyev rəhbərliyi dövründə kifayət qədər sanballı uğurlar və nailiyyətlər qazanan Azərbaycan dövlətçiliyi 8 noyabr 2020-ci il Zəfəri ilə öz qələbə əzmini bütün dünya xalqlarına nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının 5 Mart 2021-ci il tarixində keçirilmiş VII qurultayında geniş nitq söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırılan islahatlar, qazanılan uğurlar və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verdi.
Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini ətraflı təhlil edərək bildirdi ki, yarandığı vaxtdan etibarən partiya öz siyasətini dəyərlər və prinsiplər sistemi üzərində qurmuşdur. Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, sosial ədalət və s. kimi əsas prinsiplər üzərində qurulan siyasət Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətləndirilir. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. Aydın məsələdir ki, o zaman, ölkə daxilində gedən mənfi siyasi proseslər, daxili çəkişmələr bu zərurəti meydana gətirmişdi. Sadə xalqın ziyalıları bunu çox gözəl anlayırdılar. Ona görə də 91 nəfər ziyalının xalq adından Ulu Öndər Heydər Əliyevə müraciət etməsi, ideologiyası Azərbaycançılıq olan Yeni Azərbaycan Partiyasının yaradılmasına gətirib çıxardı.
Müasir Azərbaycan cəmiyyətində formalaşmış möhkəm siyasi sabitlik, möhkəm xalq-iqtidar birliyi sürətli, hərtərəfli inkişafımızı şərtləndirən əsas amildir. Ölkəmizdə formalaşmış siyasi dialoq mühiti ötən hər gün daha da dərinləşməkdədir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Xalqımızın həmrəyliyi onun ən böyük sərvətidir. Multikulturalizmin Azərbaycan modeli bütün dünya dövlətlərinə ən mükəmməl nümunədir. Azərbaycan dövləti islahatlar kursuna da sadiqdir və daha təkmil fəaliyyəti təmin edən dəyişikliklər cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Yeni Azərbaycan Partiyası öz fəaliyyətini bu istiqamətdə qurur və quracaq.
Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası iqtidarı ölkəmizi yeni-yeni uğurlara və nailiyyətlərə daşımaqla, müntəzəm ideoloji təşviqatla yanaşı humanitar fəaliyyət sahələrini də diqqətdən kənar qoymur. Belə ki, ötən ilin fevral ayında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə Yeni Azərbaycan Partiyasının üzvləri də öz maddi və mənəvi dəstəklərini göstərdilər və çətin günlərdə Türkiyəli soydaşlarımızın yanında olduqlarını nümayiş etdirdilər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar göndərildi.
Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyası hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir. Hər birimiz ürəkdən inanırıq ki, məhz bu partiyanın rəhbərliyi ilə xalqımız və dövlətimiz hələ neçə-neçə uğurlar qazanacaq.
Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri