04 mart 2024 15:25
330

Dövlət başçımızın Xocalıdakı çıxışı Azərbaycanın sülhsevərliyindən xəbər verir

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə 32 il öncə ermənilərin burada törətdiyi soyqırımından, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun tarixi Qələbəsindən danışıb.

Həmçinin dövlətimizin başçısı azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalı rayonunda aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışıb.

Rayon ictimaiyyətinin nümayəndələri xüsusi olaraq vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində 2020-ci il Vətən müharibəsində erməni qəsbkarlarına ağır zərbə vuruldu, əzəli torpaqlarımız düşmən işğalından azad oldu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Əminik ki, Prezidentin böyük siyasəti və qalib Ordumuzun gücü və qüdrəti sayəsində Xocalıda da müqəddəs üçrəngli bayrağımız dalğalanır.

Dövlətimiz yenicə müstəqillik əldə edərkən Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən göstərilən acizlik və susqunluq nəticəsində Xocalı faciəsinə anında siyasi qiymət verilməyib, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əməli heç bir iş görülməyib və buna ümumiyyətlə səy də göstərilməyib. Əksinə o zaman ermənilər xaricdəki imkanlarından istifadə edərək dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.

Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin bu böyük faciəsinə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24 fevral qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində məqsədəmüvafiq işlər həyata keçirilib və bununla bağlı tədbirlər ardıcıl olaraq davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bir sıra dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu qətliamı soyqırımı kimi tanıyıb və bununla bağlı qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul ediblər.

Dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bakıda 2008-ci ildə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi öz möhtəşəmliyi ilə seçilir. Bu abidə Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramın bariz nümunəsidir. Hər il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir, xalqımız Xocalı şəhidlərinə öz dərin ehtiramını bildirir.

Artıq azad edilmiş ərazilərimizdə beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir. Gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.

Xocalı sakinləri dövlətimiz tərəfindən onlara göstərilən böyük qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həmişə minnətdardır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri