04 mart 2024 14:24
318

Bu gün ən böyük ədalətsizlik Avropada ikili standartların davam etməsidir

Prezident  İlham Əliyev ötən həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir daha bu reallığı diqqətə çatdırdı ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Təbii ki, ölkəmiz iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyev hədəfə çatmaq məqsədilə regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün regional inkişaf proqramlarını təsdiqlədi. Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir. Bu siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiqi, istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib.

Böyük fəxr hissi ilə qeyd etmək olar ki, bu gün  Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Ölkəmizin malik olduğu iqtisadi imkanlar əməkdaşlıq əlaqələrinin inkişafında da əhəmiyyətli rol oynayır. Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərəkən bu sahədə əməkdaşlıq üçün mövcud imkanlar geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini xüsusi vurğuladı. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən Prezident İlham Əliyev iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı görüşdə əsas diqqət göstərdiyi məsələ ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. Bir daha vurğulandı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Xüsusilə kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayan cənab İlham Əliyev bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozep Borrelin qeyri-adekvat bəyanatları Azərbaycanı çox məyus edib. Onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Digar tərəfdən, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab İlham Əliyev bu çağırışı etdi: « Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.»

Müzəffər Ali Baş Komandanımız görüşdə onu da bildirdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz Vətən müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik: «Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!»

Bir sözlə, həmin görüşdə Prezident İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq aləmə çatdırdı.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri