İkinci Qarabağ müharibəsində qan töküb Vətəni yaşadan polkovnik-leytenant Mehman Şirvanov qalxdığı şəhidlik zirvəsində ömrünün 44-cü ilinə qovuşdu. Axı, şəhidlər heç vaxt ölmürlər. Onlar canını fəda etdikləri Vətənin səmasında parlaq günəşə dönüb milyonların ürəyində sevgi olurlar. Məhz elə buna görə Vətən sevdalısının doğulub boya –başa çatdığı Lənkəran rayonunun Ürgə kənd camaatı, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və təşkilat əməkdaşları məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra ziyarətçilər şəhidin ata ocağına gəlib İ. Əmənullayev qayğı, sosial problemləri ilə maraqlanıb, təşkilat tərəfindən hazırlanmış hədiyyəni onlara verib.
Həm də bildirilib ki, Vətənin dar günündə dadına çatıb onun yaşaması naminə sinəsini düşmən gülləsinə sipər etmək yalnız mərd, qeyrətli oğlanların işidir. Mehman bu müqəddəs yolda canını qurban verib. Fəqət, Mehman kimi Vətən övladların qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində ordumuz qalib gəldi, 30 il yağıya əsir düşən Qarabağımız azad olundu. Odur ki, doğma Azərbaycan var olduqca, Mehman dahim ürəklərdə yaşayacaq, şərəfli həyat yolu da gələn nəsillərə örnək göstərilər.
Uşaq yaşlarında Vətənə, doğma torpağına məhəbbət ruhunda böyüyən Mehman Şirvanov düşməndən qisas almaq məqsədilə hərbi peşəsinə yiyələnib. 1998-2002-ci illərdə Bakı Ali Birləşmış Komandanlıq Məktəbində təhsil alıb. Müxtəlif hərbi hissələrində canından artıq sevdiyi Azərbaycanına nümunəvi, qüsursuz xidmət göstərib. Xidmət dövründə daha da mükəmməl olmaq üçün bir sıra inkişaf etmiş xarici ölkələrdə, o cümlədən Rumıniyada, qardaş Türkiyədə, eləcə NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarında iştirak edib. Vətənə sonsuz məhəbbətini ilk dəfə Mehman 2016-ci ilin Aprel döyüşlərində göstərib. Ağır müharibə meydanında dığalara qan qusdurub. Vətən müharibəsinin ilk günü qəhrəman zabitin son savaşı olub. Polkovnik-leytenant sentyabrın 27-də Murovdağ yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Qarabağ” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə” medallarına layiq görülüb. Vətənə əmanət qoyduğu Nuray adlı qızı var.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü