Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin müsbət inkişaf dinamikasına diqqət çəkdi. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Ölkə başçısı qeyd etdi ki, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Bir sözlə, Almaniya mövqeyində neytrallıq nümayiş etdirir.
Görüşdə Prezident İlham Əliyev diqqətə çatdırdı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı ölkəmizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.
Ölkə başçısı ölkəmizin üzləşdiyi anti-Azərbaycan siyasətinə də diqqət çəkərək Borrelin əsassız ittihamlar səsləndirdiyini bildirdi. Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır.
Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi əsgərimizi ağır yaraladıqdan sonra Azərbaycan tərəfi buna vaxtında adekvat və dəqiq cavab verməli oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu isə “ikili standartlar” siyasətinin təzahürüdür.
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev bildirdi ki, Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir.
Ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Ölkə başçısı bildirdi ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bütün bunlar “ikili standartlar” və anti-Azərbaycan siyasətinin nəticəsidir. Əslində Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.
Vusalə Mehtiyeva,
Xətai rayonu, 265 saylı məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü