04 mart 2024 11:49
310

Ölkələr arasında əməkdaşlığı labüd edən təşəbbüslər

Müstəqil Azərbaycanın son illərdə inanılmaz dərəcədə dəyişdiyini, onilliklərə bərabər yol qət etdiyini hazırda hər kəs etiraf edir. Azərbaycan sürətli inkişafı ilə zamanı da qabaqlayır. Biz artıq ölkəmizin tərəqqisini müəyyən mənada labüd, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq. Azərbaycan son illərdə ölkə rəhbəri İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətlə irəliləyir və misilsiz uğurlara imza atır.

Azərbaycan türk dünyasının aparıcı ölkələrindən biri kimi bu coğrafiyada da mövqelərini gücləndirir, türkdilli dövlətlərin birliyinə ardıcıl töhfələr verir, bu ölkələrlə münasibətləri inkişaf etdirir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində göstərdiyi fəallıq, təşəbbüskarlıq bunun təsdiqidir. Azərbaycan türk dövlətləri ilə əlaqələrin inkişafına prioritet məsələ kimi yanaşır. Azərbaycanın fəal rolu əsasında türkdilli ölkələrlə getdikcə inkişaf edən münasibətlər həm ölkələrin bir-birinə qarşılıqlı siyasi dəstəyində, həm mühüm qlobal layihələr üzrə qurulan tərəfdaşlıqlarda, ikitərəfli və çoxtərəfli formatda aparılan müzakirələrdə, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində öz ifadəsini tapır.

Azərbaycan bütün bunlara paralel şəkildə Rusiya, İran, Gürcüstan kimi qonşularımızla da münasibətləri inkişaf etdirir. Dövlət rəhbərimizin bu ölkələrin prezidentləri ilə keçirdiyi görüşlər, apardığı müzakirələr qarşılıqlı hörmət, mehriban qonşuluq, müştərək fayda prinsiplərinə əsaslanan münasibətlərə böyük töhfə verir.

Bu il ərzində Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də mühüm addımlar atılıb, yüksək-vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub. ABŞ prezidentinin həm Müstəqillik Günü münasibətilə, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı Azərbaycan Prezidentinə göndərdiyi məktublar, zəngin tarixə əsaslanan Azərbaycan-Amerika münasibətlərinin həm də böyük gələcəyindən xəbər verir.

Rusiya ilə Azərbaycan arasında iqtisadi-siyasi münasibətlər çox dərindir. Hər iki ölkə regionda ən yaxşı strateji tərəfdaşlardandır. Bu iki ölkəni bir-birinə çox güclü fundamental siyasi-humanitar tellər bağlayır. Mehriban qonşuluq və dostluq prinsipləri bu ölkələrin simvoludur. Rusiya-Azərbaycan münasibətləri o qədər yüksək səviyyədə dinamik, ardıcıl, səmərəli şəkildə inkişaf edir ki, bir çox ölkələr buna həsəd aparır.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi güclü siyasi dialoq və qəbul edilən qərarlar real səmərə verir. 

Qarat Qaratov,
Bakı şəhəri 257 nömrəli tam orta məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının üzvü