02 mart 2024 18:32
500

Qərbin buyruq qulu - “Freedom House”

Mənzil qərargahı Vaşinqtonda yerləşən qeyri hökumət təşkilatı - “Freedom House” Azərbaycana qarşı qərəzli hücum kampaniyasını davam etdirir. Belə ki,  bu təşkilat  “2024-cü ildə dünyada azadlıq” adlı hesabatında Qarabağı könüllü tərk etmiş erməni əsilli sakinlərə qarşı guya “etnik təmizləmə” aparıldığını iddia edib. Üstəlik, Azərbaycanın əzəli və əbədi torpağı Qarabağı “mübahisəli ərazilər” kimi göstərib. 

Əvvəla qeyd edək ki, 19-20 sentyabr tarixlərində qalib Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməniəsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk etdilər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq. Amma illərlə beyinləri  “miatsumla” yuyulmuş haylar Ermənistana üz tutmağa üstünlük verdilər. Azərbaycan da onların onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Bu mənada həmin erməniəsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını iddia etmək absurddur.  Hətta bu faktı bölgədə olmuş BMT-nin missiyası da təsdiq edib. Yəqin, bütün bunları “Freedom House” bilməmiş deyil. Bəs niyə belə sərsəmləyir?

Digər tərəfdən, bu təşkilat heç vaxt 1 milyondan artıq azərbaycanlının ev-eşiyindən qovulmasına, Ermənistan ərazisindən didərgin salınmasına, soydaşlarımızın soyqırımına, həmçinin etnik təmizləməyə məruz qaldığına münasibət bildirməyib. Şübhəsiz, bütün bunlar sözügedən təşkilatın ölkəmizə qarşı tutduğu qərəzli mövqeyindən irəli gəlir.

“Freedom House”nin Qarabağı “mübahisəli ərazilər” kimi göstəriməsinə gəldikdə… Bəri başdan bildirək ki,  Qarabağ beynəlxalq qanunvericiliyin hüquq və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqrıdır. Şübhəsiz, bu məsələ də “Freedom House” ermənidən betər ermənilik etməklə erməni diasporuna, həmçinin digər ağalarına “sadiqliyini” nümayiş etdirib.

Bütün bunlar azmış kimi, “Freedom House” guya Azərbaycanın Hayastana hücuma hazırlaşdığını da iddia edib. Halbuki, rəsmi Bakı  heç bir vaxt Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməyib. Sadəcə, bu ölkədən, daha doğrusu, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz doğma yurdlarına qayıtmalarına şərait yaradılması məsələsini gündəmə gətirilib. Bu məsələnin başqa səmtə yönəldilməsi isə Qərbin, xüsusilə Fransanın “kəşfi”dir. Prezident İlham Əliyevin bildirdiyi kmi, bu, o cənab Makronun insinuasiyalarıdır: “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə toxunmuş və bildirmşdir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur.  Dövlətimizin başçısı bir daha bəyan etmişdir ki, Azərbaycan sülh prosesinə sadiqdir və bu istiqamətdə yorulmadan çalışır.

Şübhəsiz, bütün bunlar bir daha sübut edir ki, Qərbin əlində alətə çevrilən “Freedom House” bölgədə möhkəmlənmək istəyən ABŞ, Fransa kimi ölkələrin maraqlarına xidmət edir. Elə hesabatdan da açıq-aydın görünür ki, bu təşkilat "hesabat"ını Makronun sayıqlamaları əsasında hazırlayıb. Bu mənada sanki Fransanın siyasəti ilə "Freedom House"un hesabatı bir medalın eyni üzüdür. Bu da “Freedom House”nin Qərin, xüsusilə Fransanın buyruq qulu olduğunu bir daha təsdiqləyir. Bu isə o deməkdir ki, təşkilatın hesabatı baş verənlərin dəyərləndirilməsi üçün əsas meyar kimi qəbul edilə bilməz. 
Fikrimizcə, bu yerdə Prezident İlham Əliyevin bu fikirlərini də xatırlamaq yerinə düşərdi: “Otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”. Bu fikirləri, “Freedom House" də şamil etmək olar.

Qeyd edək ki, “Freedom House" ümumiyyətlə, indiyə qədər heç vaxt Azərbaycan haqqında obyektivlik nümayiş etdirməyib.  Yəni, bir qayda olaraq, hesabatlarında ölkəmizə qarşı qərəzli münasibət sərgiləyib. Şübhəsiz, belə təxribatlar dünyada, o cümlədən bölgədə söz sahibi olan, yeni reallıqlar yaradan Azərbaycanı öz haqq yolundan heç vaxt döndərə bilməyəcək. 

Qvami Məhəbbətoğlu, “İkİ sahil”