01 mart 2024 23:14
361

Xəyanət yolunun sonu görünmür

Dağıdıcıların “stəkanda fırtına” qoparmaq cəhdləri heç bir nəticə verməyəcək

Artıq bir neçə ildir ki, bəzi Qərb dairələrinin Azərbaycana qarşı məkrli və qərəzli siyasəti intensiv xarakter alır. İkili standartlara əsaslanan bu siyasəti artıq açıq-aşkar hiss edirik. Son vaxtlar demokratiya adı altında pərdələnmiş bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qurulmuş bu oyunlarının daha da güclənməsi təəssüf doğurur.

Azərbaycan ictimaiyyəti tərəfindən Qərbin ikili standartları daim pislənilir, bu məkrli siyasətin ümumilikdə demokratiyaya zərbə vurduğu aydın sezilir. Bütün bu oyunların başında isə təbii ki, Ermənistan və ermənipərəst qüvvələrin dayandığı hamıya məlumdur. Hazırda isə ermənipərəst qüvvələrə Fransa Prezidenti Emmanuel Makronun başçılıq etməsi, BMT Təhlükəsizlik Şurasının üzvü olan bu dövlətin rəhbərinin Azərbaycana qarşı Ermənistanın baş naziri Paşinyanla birləşməsi ikiqat təəssüf doğurur.

Bütün bunların nəticəsidir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin Assambleyanın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. AŞPA-nın 76 deputatı sənədin lehinə, 10 deputatı əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb. Müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyəti qərarı ədalətli və zəruri adlandırıb. Elə bu məqam AŞPA-nın ermənipərəst qüvvələrin əlində bir oyuncağa çevrildiyini sübut edir.

Daha bir təəssüfedici məqam isə Azərbaycandakı dağıdıcı ünsürlərin, erməni dəyirmanına su tökən “beşinci kolon”un xarici anti-Azərbaycan dairələrin əlində alətə çevrilmələridir. Dağıdıcı müxalifət düşərgəsində erməni dəyirmanına su tökən antimilli ünsürlər arasında AXCP-nin üzdəniraq funksionerləri xüsusi canfəşanlıqları ilə fərqlənirlər. Onlar müəyyən miqdarda pul müqabilində xarici ağalarının əsirinə çevriliblər. “Beşinci kolon”un üzvləri mütəmadi olaraq “Facebook” və “İnstagram”da şərhlər və fotolar paylaşaraq xarici ağalarının qarşısında quyruq bulayırlar. Belələlərində biri də AXCP Rəyasət Heyətinin (RH) üzvü Bəxtiyar İmanovdur. Bu adam “Facebook” hesabında yazıb ki, vətəndaşı 30 ildir hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüqüqunun bir illik dayandırılmasını dünyaya şikayət edir. Görəsən B.İmanov AŞPA-da hansı oyunların getdiyini bilmirmi? Təbii ki, bilir.

Dialoq, qarşılıqlı hörmət əsasında fəaliyyət göstərməsi tələb olunan AŞPA, əslində bütün bu dəyərlərdən çox uzaqdır. 20 il ərzində bu təşkilat Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi, heç vaxt 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanmadı və hətta nümayəndə heyətimizə bu problemlərlə məşğul olmağa qadağa qoydu. Azərbaycan öz torpaqlarını azad etdikdən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra AŞPA-dakı parlamentarilər cidd-cəhdlə anti-Azərbaycan kampaniyasına başladılar. Amma bu üzdəniraq parlamentarilər unudurlar ki, nə onların təmsil etdikləri Avropa Şurası, nə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj və diktə dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil.

AŞPA-nın anti-Azərbaycan kampaniyalarından “ruhlanan” AXCP RH üzvü B.İmanov öz “şefi” Ə.Kərimli kimi ara-sıra nala-mıxa vurur ki, bunun müqabilində hansısa ianələr əldə etsin. Lakin bu binəva və onun “kumiri”, AXCP sədri Əli Kərimli unutmasınlar ki, sosial şəbəkələrdə və digər plarformalarda Azərbaycana qarşı “stəkanda fırtına”nı xatırladan təbliğat kampaniyaları təşkil etmək Vətənə xəyanətə bərabər addımdır və bunun bədəli çox uğur olacaq.

Cavid Əkbərov, “İki sahil”