01 mart 2024 11:15
628

Xocalıya qayıdış haqqımız reallaşdı

Azərbaycan xalqı tarix boyu qarşılaşdığı çətinliklərə, məruz qaldığı ədalətsizliklərə baxmayaraq hər zaman öz böyüklüyünü qoruyub saxlamış, zəngin mənəvi dəyərlərə malik olduğunu göstərdiyi cəsarət və dəyanətlə sübuta yetirmişdir. Xarici havadarlarına arxalanaraq xalqımıza qarşı bir sıra qanlı cinayətlər, o cümlədən, Xocalı qətliamını törədən erməni vandalları cəzasız qalacaqlarını düşünürdülər. Lakin onlar ciddi şəkildə yanılmışdılar və unutmuşdular ki, haqq-ədalət gec-tez öz yerini tapır. Bu dəfə də istisna olmadı.

Xocalılılar və digər işğal olunmuş bölgələrdən olan soydaşlarımız 30 ilə yaxın müddətdə daim doğma torpaq həsrəti ilə yaşadılar. 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə silaha sarılan qüdrətli ordumuzun şücaəti sayəsində erməni işğalına son qoyuldu. Müqəddəs Vətən torpağımız yağı düşmənin işğalından azad edildi. 8 noyabr Zəfəri tariximizə əbədi yazıldı. Azərbaycanın mərd oğulları Xocalı Şəhidlərinin qanını döyüş meydanında düşməndən aldı. Hərbi əməliyyatların davam etdiyi günlərdə də Azərbaycan humanizm prinsiplərinə sadiq qaldı. Erməni silahlı birləşmələrinin bütün müharibə qanunlarını pozmalarına, döyüş bölgələrindən kənarda yerləşən şəhərlərimizi raket hücumlarına məruz qoymalarına baxmayaraq, ordumuz yüksək insanpərvərlik nümayiş etdirərək dinc əhaliyə və mülki obyektlərə heç bir atəş açmadı. Buna bütün dünya şahidlik etdi. Azərbaycan Ordusu həm İkinci Qarabağ müharibəsi zamanı, həm də 19-20 sentyabr 2023-cü il tarixində reallaşdırılan lokal antiterror əməliyyatı zamanı Xocalı qətliamı qurbanlarının qisasını erməni cəlladlarından aldı.

26 fevral 2024-cü il tarixində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bir sıra məqamlarla bağlı öz səmimi duyğularını soydaşlarımızla bölüşdü. Dövlət başçımız bildirdi ki, soyqırım qurbanlarının xatirəsini bu gün biz ilk dəfə məhz Xocalıda andıq. Hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki? Daha sonra möhtərəm Cənab İlham Əliyev əlavə etdi ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük həm İkinci Qarabağ müharibəsi ərzində, həm də birgünlük lokal antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərdi. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Digər azad edilmiş ərazilər kimi bu gün Xocalıda da  dövlətimiz tərəfindən geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu ilin ilk 6 ayında isə Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır. Artıq Xocalı sakinləri öz doğma evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini