01 mart 2024 01:58
398

II Qaregin indi də konstitusiya düzəlişinə qarşı - Erməni kilsəsi

Ermənistanla Azərbaycan arasında yaşanan bütün münaqişələrin başında və sonrakı inkişafının mərkəzində hər zaman erməni kilsəsi dayanıb. Tarixə nəzər salsaq Azərbaycana qarşı bütün düşmənçiliyin, xüsusilə 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı törədilən vəhşiliklərin,  Qarabağda zaman-zaman yaşanan qırğınların önündə bu kilsənin getdiyini sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəriyyətinin, xüsusilə də erməni qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanıb həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə oynamışdır.

Ölkəmizə, bütövlükdə türk dünyasına qarşı məkrli niyyətlərindən əl çəkməyən erməni kilsəsi indin də  Azərbaycana qarşı ərazi iddialarının olduğu konstitusiyanın dəyişdirilməsinə qarşı çıxıb. Erməni apostol kilsəsinin Ali Ruhani Şurası baş nazir Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu təşəbbüsünü son dərəcə şübhəli hesab edir. Bütün ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi Ali Ruhani Şuranın genişləndirilmiş iclasında qeyd olunub ki, Ermənistanın müxtəlif yüksək vəzifəli şəxslərinin, eləcə də Azərbaycan Prezidentinin tezisləri yalnız yeni konstitusiyanın qəbulu ilə bağlı mövcud şübhələri dərinləşdirir. Sözü gedən bəyanatda bildirilir: “Ermənistan Respublikası Konstitusiyasının əsasını xalqımızın milli-mənəvi həyatının, xatirələrinin və əziz keçmişinin hadisələrinin, milli arzu və arzularımızın rəmzləri təşkil etdiyini vurğulayan şura üzvləri bu dəyərləri ictimai müzakirələrdə, xüsusən də yeni konstitusiyanın qəbulu kontekstində alçaltmaq və ya görməməzlikdən gəlmək”.

İyerarxlar hesab edirlər ki, ölkənin yeni konstitusiyasının qəbulu təşəbbüsü çox şübhəlidir, xüsusən də Ermənistanın ictimai dairələrində bunun xarici təzyiqin nəticəsi kimi qəbul edildiyini nəzərə alsaq.

Göründüyü kimi, radikallığı və faşizmi yayan erməni kilsəsinin bu addımı bir daha onların ideoloji durumunu aşkara çıxarır. Qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası kimi önə çıxıb və Qareginin budəfəki mövqeyi də bunu təsdiqləyir. İndiki halda Qareginin rəhbərliyi ilə ortaya çıxan yeni bəyanat da müharibəyə təhrik və ara qızışdırmaq mahiyyəti daşıyır. Görünən budur ki, terrorçu dinçinin özünün nifaq dolu fəaliyyətindən əl çəkmək fikri yoxdur.

Erməni apostol kilsəsinin bölgədə sülhün bərqərar olması üçün deyil, qisasçılığı, revanşizmi körükləmək istiqamətində son nəticədə yalnız özlərinə zərər gətirəcək bu cür dini təxribatla məşğul olduğu göz önündədir. Məhz kilsə anti–Azərbaycan kampaniyasının önündə gedərək, məkrli məqsədinə çatmaqdan ötrü beynəlxalq dini platformalardan da sui-istifadə etməyə meyillənir.

Məsələn, bir müddət əvvəl II Qaregin Böyük Britaniya və İrlandiya erməni kilsəsinin yeparxiyasına səfəri çərçivəsində Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi ilə görüşündə Qarabağdan “məcburi köçkün düşmüş ermənilərin üzləşdiyi problemlər ilə yanaşı, “Qarabağdakı erməni mədəni irsinin qorunub saxlanması məsələlərinə” toxunub. Əlbəttə mövcud xüsusda özünün anti-Azərbaycan baxışlarını işə salmağı da yaddan çıxarmayıb. Qarabağdakı abidələrin guya dağıldıldığı barədə Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaq ermənin növbəti həyasızlığının təzahürüdür.

İşğalın davam etdiyi 30 ildə Azərbaycan ərazilərindəki məscidlərə, tikililərə, qəbiristanlıqlara qarşı vandal münasibət göstərən, məscidlərə donuz bağlayan məhz II Qareginin öz erməniləridir. Azərbaycanlılar heç bir dini əhəmiyyət daşıyan abidəyə təhqiramiz yanaşmayıblar. Paytaxt İrəvanda və ölkənin müxtəlif bölgələrində türk mədəni mirasını yer üzündən silən Ermənistandır. Azərbaycanın paytaxtında isə erməni kilsəsi qorunub saxlanılmaqdadır. Mövcud xüsusda başqa faktları da vurğulamaq mümkündür.

Görünən odur ki, bu gün erməni kilsəsinin həyasızlığı artıq Ermənistan hakimiyyətinin abırsızlığını arxa plana keçirməkdədir. II Qaregin kimiləri həmin həyasızlığın pik nöqtəsində dayanır. Ümumiyyətlə, adlarını “keşiş”, “yepiskop” qoymuş erməni təxribatçıları əslində terrorçu zehniyyətə malikdirlər. Bu yırtıcı erməni keşişlərinin canlarından çıxmayan şovinist-revanşist ideyaları növbəti dəfə körükləmək isə heç bir fayda verməyəcəkdir.

Nigar Orucova, “İki sahil”