01 mart 2024 00:12
367

Xəyanətkarlara ən tutarlı cavab...

Künc zərbəsi

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Əli Kərimlini və əlaltılarını niyə narahat edir?

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Qarabağda separatizmə son qoyulması ermənilərin və onların havadarlarının bütün məkrli planlarını alt-üst etdi. Məlumdur ki, tarixin arxivinə göndərilmiş münaqişə Qarabağ kartı üzərindən Azərbaycana qarşı oyunlar quranların, sözdə “demokratiya” və “insan haqları”ndan dəm vurub, əslində isə işğalçı Ermənistanın törətdiyi qanlı cinayətlərə göz yumaraq onu bütün mümkün vasitələrlə haqq etdiyi cəzadan qorumağa çalışanların işinə yarayırdı. Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına bərpa etməsi bu gün məhz həmin səbəblərdən ABŞ, Fransa kimi dövlətlərin, erməni lobbisinin buyruğu ilə ölkəmizə və dövlətimizə “diş qıcayan” müxtəlif dairələrin ciddi narahatlığına, hətta qəzəbinə səbəb olub. Ancaq görünür, 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Böyük Qayıdışın başlanmasından, yüzminlərlə insanımızın doğma yurd həsrətinin başa çatmaq üzrə olmasından narahatlıq keçirən təkcə xarici düşmənlər deyil. Radikal müxalifət cəbhəsində cəmləşmiş “sapı özümüzdən olan baltalar”, satqınlar da əzəli və əbədi sahiblərinin Qarabağ, Şərqi Zəngəzur həsrətinə son qoyulmasını qısqanclıqla, hətta ermənilər kimi qəzəblə qarşılayırlar.

Başda AXCP sədri Əli Kərimli və dəstəsi olmaqla bu bir qrup antimilli ünsür aldıqlar sifarişlər əsasında hər vəchlə Azərbaycanın imicini zədələməyə, dövlətimizin ölkənin inkişafı üçün gördüyü işlərə kölgə salmağa çalışırlar. Gah ermənipərəst Fransanı, onun Azərbaycana qarşı açıq şəkildə düşmənçilik aparan ermənisifət Prezidenti Makronu, gah Cənubi Qafqazdakl maraqları naminə anti-Azərbaycan oyunlar quran ABŞ-ı müdafiə edən Əli Kərimli bu dəfə öz əlaltılarına, AXCP-nin Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə tez-tez səfərlər etməsi ilə bağlı qərəzli, riyakar fikirlər paylaşmağı tapşırıb. Təbii ki, kimlərinsə sifarişi əsasında. Bu, artıq xəyanətin son və heç bir halda geridönüşü mümkün olmayan mərhələsidir. Nədir axı Əli Kərimlini, onun satıldıqlarını narahat edən? Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Vətən torpağında böyük, misli görünməmiş tikinti, bərpa-quruculuq işlərinə başlanılması, o işlərin gedişinə Prezidentin şəxsən nəzarət etməsi, keçmiş məcburi köçkünlərin doğma ev-eşiklərinə qayıda bilmələri üşün şərait yaradılması özünü azərbaycanlı adlandıran kimisə niyə narahat etməlidir ki? Bəlkə cənab Prezidentin Xocalı soyqırımının ildönümünü 32 ildən sonra ilk dəfə Xocalıda, özü də xocalılılarla qeyd etməsi ermənilər kimi, Əli Kərimlinin, Məmməd İbrahimin də xoşuna gəlməyib?

Ermənilər demişkən, torpaqlarımızın 30 ilə yaxın əsarətdə qalmasında onlar qədər kəndlərimizin, şəhərlərimizin işğal və talan edildyi günlərdə Vətənə sahib çıxmaq əvəzinə Bakıda vəzifə davası aparmış, xalqın ümidini, etimadını isa qəmbərlərlə, pənah hüseynovlarla, rəhim qaziyevlərlə, cəmil həsənlilərlə birlikdə hərraca çıxarmış Əli Kərimli, onun vaxtilə təmsil olunduğu AXC-Müsavat hakimiyyəti də günahkardır. Ona görə əlikərimlilər Vətən müharibəsində qazandığımız böyük Qələbəmizə qiymət vermək istəmədilər, hamilərinin, pulverənlərinin qorxusundan tarixi Şuşa Bəyannaməsinə dəstək nümayiş etdirmədilər. Bu gün bir daha uşaqlı-böyüklü hamı şahidi olur ki, bu xəyanətkarları adından danışdıqları xalqın hissləri, sevinci, Azərbaycanın inkişafı, gələcəyi, milli təhlükəsizliyimiz, azad edilmiş torpaqlarımızda görülən işlər maraqlandırmır.

Ancaq Azərbaycan xalqının düşmənlərə və onların buyruq quluna çevrilmiş xəyanətkarlara nifrəti də, Vətəninə, dövlətinə, Prezidentinə sevgisi də sınaqlardan çıxıb, müharibələrdən keçib. Bu gün Azərbaycanın regionun şəriksiz liderinə çevrilməsinin bünövrəsində də məhz xalq-iqtidar birliyi dayanır. Bu birliyi pozmağa çalışan əlikərimlikimilərin ən tutarlı cavabını isə xalq özü verib və verəcək...

Mahir Rəsuloğlu, “İki sahil”