29 fevral 2024 00:36
343

Fransanın avantürası Ermənistanı fəlakətlə üz-üzə qoya bilər

Ermənistanın baş naziri Nikol Paşinyan Qərbdəki ağalarının, xüsusilə Fransanın felinə uyaraq ölkəmizə qarşı aqressiv ritorikasını davam etdirməklə sülh danışıqlarına zərbə vurur. Fransanın “Franse 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar, guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması kimi absurd açıqlamaları bir daha göstərir ki, N.Paşinyan siyasi manipulyasiyalardan əl çəkmək fikrində deyil. Şübhəsiz, bütün bunlar sülh üçün yaranmış imkanları məhdudlaşıdrmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.

Ermənistan, həmçinin bəzi Qərb ölkələrinin, xüsusilə Fransasnın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir. Rusiyanı regiondan çıxarıb bu coğrafiyada möhkəmlənmək istəyən Fransanın əlində alətə çevrilən Ermənistan sülh danışıqları ilə bağlı müstəqil qərar verə bilmir. Nikol Paşinyan parlamentdə “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputatlarla keçirdiyi qapalı görüşdə əvvəlcə bildirib ki, Qərb platforması vasitəsilə Prezident İlham Əliyevlə təmasların bərpası faktını və ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və regionda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı digər işgüzar görüşləri müsbət hesab edir. O, daha sonra isə sülh müqaviləsinin imzalanması prosesinin daha qeyri-müəyyən mərhələyə qədəm qoyduğunu vurğulayıb: “Deyə bilərik ki, bununla bağlı bizdə sıfır vəziyyət var, çünki Azərbaycan yeni tələblər irəli sürür. Yeri gəlmişkən, əgər dünən əsas prinsiplər üzrə razılaşma olubsa, bu gün artıq mövcud deyil”.

Prezident İlham Əliyev daim vurğulayır ki, Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunması qaçılmazdır və ölkəmiz regional sülh gündəliyinə, davam edən danışıqlar prosesinə daim sadiqdir. Dövlətimizin başçısı fevralın 26-da Xocalı sakinləri ilə görüşündəki çıxışında bir daha bu ölkəyə xəbərdarlıq edib: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Prezident İlham Əliyev, həmçinin fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!”

Məsələ orasındadır ki, Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə keçirilən və müsbət qiymətləndirilən görüşdən sonra Ermənistan baş nazirinin fransız mətbuatına müsahibə verməsi, eləcə də Prezident Emmanuel Makronun və Ermrənistana səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornunun təxribatçı açıqlamaları bir daha göstərir  ki rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinni bərpa edilməsini hələ də həzm edə bilmir. Cənubi Qafqazda öz məkrli planlarını reallaşdırmaq istəyən Fransa durmadan Ermənistanı silahlandırır. Rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. 

Bu günlərdə Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Fransa Ermənistanı qısa, orta və uzunmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. S. Lekornu həm də əlavə edib ki, Fransanın Ermənistana silah tədarükünün çeşidi İrəvanın ehtiyaclarından asılı olacaq. Bütün bunlarla kifayətlənməyən fransız nazir bir az da irəli gedərək əlavə edib ki, “heç kim Ermənistanla müdafiə sahəsində əməkdaşlıq etdiyi üçün Fransanı tənqid edə bilməz”.

Ermənistan və Fransanın müdafiə nazirləri İrəvanda hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Razılaşmaya əsasən, erməni hərbçilərə Fransa ordusu tərəfindən təlimlər keçiriləcək. Eyni zamanda, Fransa Ermənistanın hava hücumundan müdafiə qüvvələrini inkişaf etdirmək üçün müşavirlər göndərəcək. Yeri gəlmişkən, S.Lekornunun səfəri çərçivəsində Fransanın hərbi şirkətləri ilə Ermənistan arasında sazişlər də imzalanıb. Bundan başqa, Fransanın Vahid Xarici Siyasi və Hərbi Kəşfiyyat Xidməti (DGSE) ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq anlaşması imzalanıb. Anlaşma Paris və İrəvan arasında 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə barədə kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur.

Bütün bunlar deməyə əsas verir ki, Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindən əl çəkməyən, getdikcə Fransanın satellitinə çevrilən Ermənistan Azərbaycanla sərhəddə yeni təxribatlar törətməyə hazırlaşır. Ancaq rəsmi İrəvan başa düşməlidir ki, Fransa kimi neoimperialist dövlətlərin fətvası ilə törədilən avantürist əməllər Ermənistanı ağır fəlakətlərlə üz-üzə qoya bilər.

Zahid Rza, “İki sahil”