28 fevral 2024 23:46
358

Makron Odlar diyarının odu ilə oynayır

Hələ də dərk etmir ki, bu od onu yandırıb külə döndərə bilər

Fransa prezidenti Emmanuel Makronun heç bir səbəb olmadan Azərbaycana qarşı qəribə düşmənçilik hərəkətləri cavabsız qalmır. Xalqımız ipə-sapa yatmayan və qərəzli mövqeyindən-işğalçı Ermənistanı silahlandırmaqdan və qızışdırmaqdan əl çəkməyən bu tərs adama dərin nifrət bəsləməkdə tamamilə haqlıdır. Artıq dövlətimiz onun qərəzli münasibətlərinə lazımi cavab tədbirlərini həyata keçirməkdədir. Ona görə də Makronun və onun başçılıq etdiyi dövlətin cinayətkar siyasətinin fəsadları dünya miqyasında açıqlanır və ifşa edilir. Bunları özləri haqq ediblər.

"Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Kanaki - Yeni Kaledoniyaya dəstək verəcək."

Bu fikir təşkilatın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən “Dekolonizasiya: İntibahın oyanışı” adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bəyan edilib. Qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş tədbir çərçivəsində Kanaki - Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və millətçilərdən ibarət nümayəndə heyəti fevralın 24-də Türkiyənin İstanbul şəhərində toplaşıblar. 2023-cü ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi kolonializm və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir.

Bakı Təşəbbüs Qrupunun kommunikesində bildirilib ki, İstanbul konfransı bir tərəfdən kolonializmdən əziyyət çəkən xalqlarla həmrəyliyin nümayiş etdirilməsinə töhfə verdi, digər tərəfdən isə Fransanın kolonial gücünə qarşı mübarizə aparmaq məqsədi daşıyan siyasi fəaliyyət çərçivəsinin təsis edilməsinə imkan yaratdı.

Həmçinin vurğulanıb ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki - Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanuniləşdirmək üçün Emmanuel Makron hökumətinin atdığı addımlara qarşı, xüsusən də seçici kütləsinin sayını artırmağa hesablanmış addımları qınadığını bəyan edib.

Bakı Təşəbbüs Qrupu Kanaki - Yeni Kaledoniyanın siyasi tarixinin böhran yaşanan bu dövründə ona dəstək verdiyini təkrar nümayiş etdirdi, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində fəaliyyətini davam etdirəcəyini qətiyyətlə  bildirdi.

Ancaq konfransda Qrupun işi təkcə bu məsələ ilə bitməyib. Bakı Təşəbbüs Qrupu  “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb. Müvafiq petisiyanı imzalayanlar prezident Emmanuel Makrona müraciət edərək Fransadan Afrika ölkələrindən oğurladıqları 90 mindən artıq maddi-mədəni eksponatların mənşə ölkələrinə qaytarılmasını, uzun illər yağmaladığı ölkələrə vurduqları ziyana görə təzminat ödəməyi tələb ediblər.

Afrika ölkələrindən müstəmləkə illəri dövründə oğurlanmış və ya talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Saxara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.

Fransa prezidenti Emmanuel Makron 2017-ci ildə Afrikalı gənclərlə görüş zamanı bildirib ki, Afrikanın mədəni sərvətləri öz vətənində sərgilənməlidir və 5 il müddətində hər bir mədəni, tarixi əsərin və ya əşyanın geri qaytarılacağına söz vermişdi. Həmin vaxtdan 7 il keçməsinə baxmayaraq Makron vədinə əməl etməyib.

Əlbəttə, şər qüvvəyə qarşı qətiyyətli mübarizə aparmalıyıq ki, aldığı zərbələrdən ağıllansın və başa düşsün ki, Azərbaycanla davranışına nəzarət etsin. Unutmasın ki, özü işğalçı, oğru və soyğunçu olduğu halda Cənubi Qafqazın lider dövləti ilə məsuliyyətsizcəsinə və yekəxana davranışı ölkəsinə ziyan gətirər. Gözüçıxan "bacısı"nın acı aqibəti gözünün qarşısındadır ki, heç olmazsa ondan dərs götürsün.

Vəli İlyasov, "İki sahil"