29 fevral 2024 01:14
396

Təxribat xarakterli yazıların arxasında kimlər dayanır?

Fransanın "La Gazette du Caucase" nəşri "L'Express" qəzetinin anti-Azərbaycan materialının məqsədini faş edib

Rəsmi Paris erməni radikal millətçilərinə, onların Azərbaycan və Türkiyə əleyhinə bəyanatlarına dəstək verməklə dəfələrlə ermənipərəst mövqeyini nümayiş etdirib. İstər qlobal, istərsə də regional müstəvidə Ermənistanın havadarlığı missiyasını yerinə yetirən "ədalət qoruyucuları" hər vəchlə sülh prosesinin ləngiməsinə səy göstərirlər. Makron administrasiyasının Azərbaycana məlum münasibəti həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud davranış Fransanın Cənubi Qafqazdakı planları ilə bağlıdır. Fransa daxilində mövcud olan erməni diasporu İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etmir. Digər tərəfdən, Makron administrasiyasının əsas marağı erməni diasporunu əldən buraxmamaq və məhz həmin diaspordan istifadə etməklə Cənubi Qafqazda çirkin maraqlarını təmin etməkdir. Müxtəlif zamanlarda Fransanın bəzi aparıcı mətbuat orqanlarında ölkəmizə qarşı yönəlmiş təxribat xarakterli yazıların bir-birini əvəz etməsi də deyilənlərə sübutdur. Bu qurumlar Ermənistanın absurd yalanları üçün tribunaya çevrilib. Hər zaman həqiqətdən uzaq materiallarla bölgədəki vəziyyətin əksinə yazılar dərc edən bəzi mətbuat orqanları Makronun yalan iddialarının ruporu rolunda çıxış edir.

Bu günlərdə Fransanın "L'Express" qəzetində anti-Azərbaycan xarakterli növbəti material dərc edilib. Söhbət nəşrin 25 fevral buraxılışından gedir. Həmin tarixdə dərc edilən məqalədə Azərbaycanın guya Fransanı "destabilizə" etməyə çalışdığı iddia olunur. Bu saxta informasiya da Azərbaycanın guya Fransanın Olimpiya Oyunlarını təşkil etməyə qadir olmadığını iddia etdiyinə, eləcə də Bakının guya fransız siyasətçiləri satın almaq cəhdlərinə dair yalan xəbərlər seriyasının bir hissəsidir. Sevindirici haldır ki, Fransa kimi bir ölkədə Azərbaycan həqiqətlərini olduğu kimi, qərəzsiz şəkildə işıqlandıran, ölkəmizin haqlı və dürüst mövqeyini dünyaya çatdıran mətbuat nümayəndələri də var. Buna misal olaraq Parisdə yerləşən "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryunu göstərmək olar. O, Fransanın "L'Express" qəzetinin dərc etdiyi anti-Azərbaycan materialına cavab olaraq məqalə dərc edib. "Bu həftə "L'Express" Azərbaycan və Ermənistana bir neçə məqalə həsr edib. 25 fevral tarixli məqalə xüsusən diqqət çəkir. Bütün bunlar Azərbaycanın Qarabağı geri qaytarması ilə barışa bilməyən erməni lobbisinin işidir", - məqalədə deyilir. Müəllif "L'Express" qəzetinin neokolonial və islamofob Fransanın obrazını inkar etməyə çalışdığını, lakin bunun saysız-hesabsız dəlillərinin olduğunu da qeyd edir. "Frankofoniya dövründən yaxın zamanda Fransa regiondan qovulana qədər Afrika həyasızcasına talan olunmadımı? BMT-nin 1946-cı ildə dekolonizasiya olunmalı ölkələr siyahısına daxil edilən Fransa Polineziyası 2013-cü il mayın 17-də bərpa edilmədimi? Bundan başqa, dünyada Qarabağdakı erməni separatçılarını dəstəkləyən çox az ölkədən biri olan Fransa bu gün Azərbaycanın Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparanları dəstəklməsindən hiddətlənir. Fransa islamofobiyasına gəlincə, müsəlman məktəbləri ən uydurma bəhanələrlə bağlandı. Şimali Afrika mənşəli adlara malik şəxslərin işə qəbul və ya yaşayış yerinin təmin olunması zamanı ayrı-seçkiliyə məruz qalmasını, müsəlman assosiasiyalarının bank hesablarının bağlanmasını, yalnız müsəlmanlara münasibətdə "xarici dini simvollar"a qadağanın tətbiq olunmasını bunlara misal göstərmək mümkündür", - müəllif yazır.

Jan-Mişel Bryun vurğulayıb ki, "L'Express" son buraxılışında ermənilərin guya Qarabağdan "qovulduğu" haqqında məqalə dərc edib. Lakin məqalədə 1992-ci ildə evlərindən qovulan yüz minlərlə azərbaycanlıdan, yaxud əsrlərlə Ermənistanda yaşayan və 1988-ci ildə Qafqazda indiyədək həyata keçirilən ən böyük etnik təmizləmə zamanı deportasiya edilən 250 min azərbaycanlıdan bəhs olunmur: "Əslində, ermənilər Xankəndini separatçıların təzyiqi altında tərk etmək məcburiyyətində qalıblar, hərçənd Azərbaycan hakimiyyəti onlara qalmağı təklif edib. Qarabağda bir dəfə belə olmayan xüsusi müxbirin İrəvandan məqalə yazdığını nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Bakının bizim gözəl Fransamızı "nüfuzdan salmaqda" "qətiyyətli olduğuna" dəlil olaraq isə jurnalist Fransanın Azərbaycandakı səfirliyindən iki "diplomat"ın göndərilməsini əsas gətirir. O, bu iki kəşfiyyat agentinin uzun illər Bakıda çalışan fransız iş adamını onlara işləməyə məcbur etmək üçün təhdidlərdən istifadə etdiklərini sadəcə "unudur", - deyə müəllif yazır.

Azərbaycanın guya Fransanı nüfuzdan salmağa və Parisdə Olimpiya Oyunlarının keçirilməsini boykot etməyə çalışdığına dair "əsas"ları şərh edən Jan-Mişel Bryun qeyd edir ki, Bakının bununla heç bir əlaqəsi yoxdur, əksinə, İl-de-Frans regionunun prefekti və prezidenti, polis və Hesablama Palatası artıq hər gün oyunların təşkilinə diletant yanaşmanın olduğundan və bütün sahələrdə, xüsusən təhlükəsizlik və nəqliyyat sahələrində ləngimədən xəbər verirlər. Fransız karikaturaçıları isə açıq qapılar günü keçirərək, turistlərin gəlişini səbirsizliklə gözləyən Paris siçovullarının rəsmini çəkirlər.

Sevinc Azadi, “İki sahil”