28 fevral 2024 00:24
409

Əli Kərimli artıq ictimai rəylə manipulyasiya edə bilmir, çünki...

AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə düzənlədiyi “şoular”la, pafoslu çıxışları, ağ yalanları ilə gündəmdə qalmağa çalışsa da, heç nəyə nail ola bilmir. Yalnız beş-üç nəfər, özü də gündən-günə azalan muzdlu trollarının dəstəyinə bel bağlayan AXCP sədri artıq ictimai rəylə də  manipulyasiya edə bilmir. Əksinə Əli Kərimlinin, onun partiyadakı müavinləri Seymur Həzinin, Ayaz Məhərrəmlinin bu günlərdə Xocalı faciəsi, Qarabağ, Xankəndi mövzuları ilə manipulyasiya cəhdləri ictimaiyyət tərəfindən etirazla qarşılanır.

Qırx dörd günlük Vətən müharibəsində qəhrəman oğullarımız Vətəni darda qoymadılar. İgid ərənlərimiz öz canları, qanları bahasına torpaqlarımızı yağı tapdağından qurtardılar. Şuşanın başı buludlara dəyən dağlarından “Qarabağ şikəstəsi” ucaldı, Xankəndiyə, Xocalıya Azərbaycan Bayrağı sancıldı.  Mərd oğullarımız “Öldü var, döndü yoxdur” deyərək torpaqlarımızın işğalçılardan təmizlənməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə döyüşə atılıb canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bir nəfər də olsun fərari olmadı.

Torpaqlarımızın hər qarışı şəhid qanı ilə yoğrulub. Şəhid qanı axmadan torpaq Vətən olmaz deyib, ulu ərənlərimiz. Hər birimiz şəhid məzarlarını hər zaman böyük qürur və minnətdarlıq hissi ilə ziyarət edirik.

Bəs, AXCP sədri Ə.Kərimli və başının dəstəsi nə edir? “Cəbhəçilər” həmişə bu mövzulardan öz çirkin məqsədləri üçün istifadə edirlər. Qırx dörd günlük Vətən müharibəsi başa çatandan sonra “Niyə ordumuz sonadək getmədi, hanı Xocalı, Xankəndi?” deyib saxtakarcasına “baş yarıb, sinə yırtan” Ə.Kərimli 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərindən sonra fakt qarşısında qaldı. Məhz bu tədbirlər sayəsində Azərbaycan ərazisində separatizmə birdəfəlik son qoyuldu, Xankəndidə Bayrağımız qürurla dalğalandı.

Son günlər sosial şəbəkələrdəki çıxışları bir daha göstərdi ki, Ə.Kərimli kimi siyasətbazlar Qarabağ, Xankəndi, Xocalı faciəsi və şəhidlərlə bağlı  mövzulara yalnız və yalnız bir vasitə kimi baxırlar. İldə bir dəfə, özü də el qınağından çəkinərək baş çəkdikləri Şəhidlər xiyabanını da, “Ana harayı” abidəsini də çirkin siyasi oyunlarına alət edirlər. Belə ki, hələ də ötən əsrin 90-cı illərinin küçə psixologiyasından əl çəkə bilməyən bu marginal vətənşüvənlər hər dəfə olduğu kimi,  məkrli niyyətlərindən əl çəkməyərək təxribatlara əl atırlar. AXCP sədri Ə.Kərimlinin, müavinləri S.Həzinin, A.Məhərrəmlinin sosial şəbəkələrdəki çıxışları bir daha deməyə əsas verir ki, radikal müxalifət təmsilçiləri üçün Vətən, torpaq,  məhfumları heç bir məna kəsb etmir. Bu, danılmaz həqiqətdir. Ermənipərəst təşkilatların maşası rolunda çıxış edən, ölkəmizin beynəlxalq aləmdə imicinə ləkə yaxmaq üçün gecə-gündüz ləbbeyk deyən Ə.Kərimli və dəstəsi bu günə qədər Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, bütövlükdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyətinə çatdırmaq üçün illərdən bəri barmaq barmağa vurmayıblar. Ə.Kərimli kimilər unutmamalıdırlar ki, bütün bunlar hər bir azərbaycanlı kimi, həşəmətli “cəbhəçilər”in də Xocalı şəhidlərinin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcudur.

Təəssüf ki, qəlbi pas bağlamış Ə.Kərimli kimilərə vətəndaşlıq borcu, vətənpərvərlik kimi yüksək insani keyfiyyətlər yaddır. Nəhayət, 1992-ci ildə bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsi üzərində hakimiyyətə gələn AXC-Müsavat iqtidarının aparıcı üzvlərindən olan Ə.Kərimliyə bir daha xatırlatmaq istərdik ki, dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri tarixin yaddaşından heç vaxt silinməyəcək. 

Məhz bütün bunlar yeniləşməyi bacarmayan, xalqın inam və etimadını itirən, marginallaşaraq cəmiyyətdən təcrid olunan, təkamülü, inkişafı inkar edərək ölkəni aclıq, səfalət, dağıntılar gətirən qanlı inqilablara sürükləməyə çalışan, mənəvi süquta uğrayan radikal müxalifətin tezliklə siyasi palitradan silinəcəyini, tarixin tozlu arxivinə atılacağını qaçılmaz edir.

Zahid Rza, “İki sahil”